Trampın impiçmentinə səs verildi

Trampın impiçmentinə səs verildi

Nümayəndələr Palatası Trampın impiçmentini səsvermədən öncə altı saat debat edib.

Rasthaber Azərbaycan "VOAnews"ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası çərşənbə günü axşam saatlarında Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verib.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

İmpiçment ittihamlarını araşdırdıqlarına görə Demokratları sərt tənqid atəşinə tutan Trampın yanvar ayında Senatda mühakimə olunacağı gözlənilir.

Senatdakı Respublikaçı çoxluq Trampın prezident vəzifəsindən kənarlaşdırılması ehtimalını azaldır ki, bu da Ağ Evə ikinci dönəm yiyələnməyə can atan Trampın siyasi taleyini 2020-ci ildə seçicilərin öhdəsinə buraxmış olacaq.

Nümayəndələr Palatası Trampın impiçmentini səsvermədən öncə altı saat debat edib.

Həmin saatlarda Demokrat qanunvericilər Trampın impiçmentə layiq olduğunu irəli sürüblər.

Prezidentin Respublikaçı tərəfdarları isə Trampın Ukrayna hökumətini sabiq vitse-prezident və 2020-ci il seçkilərində mümkün rəqibi Co Bayden və onun oğlu Hanter Bayden üzərində təhqiqata çağırmaqla yanlışlığa yol vermədiyini iddia ediblər.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.

BBC isə yazır ki, Senat Nümayəndələr Palatasının ittihamlarını 2020-ci ilin yanvar ayında araşdırmağa başlayacaq və heç kim şübhə etmir ki, yuxarı palata Prezidenti tamamən təmizə çıxaracaq. Tramp-ın rəqiblərinə Senatda 2/3 səs çoxluğu lazımdır, indiki halda isə demokratların 47, respublikaçıların 53 səsi var.

Daha bir problem ABŞ siyasətinin gələcəyilə bağlıdır. Tramp-a impiçment elan ediləndən və o, Senat tərəfindən təmizə çıxarılandan sonra demokratlar bir xeyli qanunvericilik təşəbbüsüylə bağlı Ağ Evlə əməkdaşlıq etməli olacaqlar. Bundan başqa, haqqında impiçment elan olunması Tramp-ı 2020-ci ildəki prezident seçkilərində naiməzdliyini irəli sürmək və seçki kampaniyasındakı müzakirələrə qatılmaq hüququndan məhrum etmir. İmpiçment prosedurundan sonra demokratların prezidentlə necə əməkdaşlıq edəcəkləri hələlik məlum deyil.

"Əgər Prezident məsuliyyətə cəlb olunmasa, mənim Senatdakı həmkarlarım and içərək boyun olduqları vəzifələrini icra etməsələr, bizim demokratiyamız üçün təhlükə yaranacaq", - konqresmen David Sisillin BBC-yə müsahibəsində deyib.

Xəbəri paylaş

VİDEOLAR