Amerika Birləşmiş Ştatlarının (ABŞ) seçilmiş prezidenti Donald Tramp Suriyada Bəşər Əsədin 24 illik hakimiyyətinin sona çatmasından sonra danışıb.
Az.rasthaber.com xəbər verir ki, yanvarın 20-də ABŞ-da vəzifəyə başlaması gözlənilən Donald Tramp Palm Beachdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. Suriyada 61 illik Baas dövlətinin və 53 illik Əsəd hakimiyyətinin sona çatmasından danışan Tramp, “Əsədin devrilməsinin arxasında Türkiyə dayanır” deyib.
Tramp Türkiyənin böyük güc olduğunu və çox güclü ordusunun olduğunu bəyan edib. Trampın Suriya ilə bağlı iddiaları belədir:
"Suriyada Əsəd rejiminin devrilməsinin arxasında Türkiyə dayanır. Ərdoğan çox ağıllı adamdır. O, bunu onilliklərdir istəyirdi və buna nail oldu. Həqiqətən, qalibin kim olduğunu heç kim bilmir, amma məncə, Türkiyə qalib gəldi. Ərdoğan çox Ağıllı və sərt insandır. Türkiyə çox can itkisi olmadan, dostcasına bir şəkildə nəzarəti ələ keçirdi."
ABŞ-ın bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp bir jurnalistə 'Suriyadakı 900 ABŞ əsgəri ilə bağlı nə edəcəksiniz?' sualına isə "Bunun başqa yolu olmalıdır. Bunlardan biri də Türkiyədir" cavabını verib.
Suriyada irəliləyən qüvvələrin arxasında Türkiyənin olmasının onun üçün problem olmadığını ifadə edən Donald Tramp, "Suriyanın açarı Türkiyənin əlində olacaq. Heç kimin belə dediyini eşitməmisiniz, amma belədir" deyib.