Əfqanıstanın paytaxtı Kabildən 150 km şimal-şərqdə yerləşən Pəncşir vadisi, Taliban əleyhinə müqavimətin "son qalası" olaraq göstərilir.
Rasthaber Azərbaycan xəbər verir ki, hündür dağlar arasındakı vadidə 1979-89-cu illərdə Sovet işğalına, 1996-2001-ci illərdə isə Taliban əleyhinə mübarizə aparılıb.
BBC Əfqan Xidmətindən Mariam Aman deyib ki, "Bu ərazi son 20 ildə Əfqanıstanın ən təhlükəsiz bölgəsi olaraq görülüb".
Bu gün Pəncşir bölgəsi Əfqanıtanının 34 əyaləti arasında Talibanın ələ keçirə bilmədiyi yeganə yerdir.
Taliban hərəkatı bu bölgəni də tutmaq üçün qüvvələrini səfərbər etdiklərini deyib.
Pəncşir bölgəsinin İqtisadiyyat Bölməsinin rəhbəri Əbdül Rəhman bildirib ki, "Biz ikinci dəfə Talibanla döyüşməyə hazırıq".
Taliban paytaxt Kabilə girməmişdən Əfqanıstanı tərk edən keçmiş Prezident Əşrəf Qaninin hökumətində vitse-prezident olan Emrullah Saleh də eyni fikir ifadə edib.
Əvvəllər kəşfiyyat xidmətinin rəhbəri olan Saleh Prezident ölkəni tərk etdikdən sonra özünü "Əfqanıstanın qanuni müvəqqəti Prezidenti" elan edib.
Saleh Pəncşir əyalətinin digər bölgələr üçün nümunə olduğunu ifadə edib və xalqı müqavimətə qoşulmağa çağırıb.
Öz Twitter hesabında Saleh yazıb ki, "Heç vaxt Talibanla bir dam altında olmayacağam. Heç vaxt".
Əfqanıstanda keçmiş döyüşçü Əhməd Şah Məsud Pəncşirin müqavimət tarixində Taliban əleyhinə döyüşən əhəmiyyətli bir şəxs olub. O 1980 və 1990-cı illərdə bölgədə muxtariyyət mübarizəsinə rəhbərlik edib. 2001-ci ildə ABŞ-da 11 sentyabr hücumlarından iki gün əvvəl Əl-Qaidə tərəfindən öldürülüb.
"Pəncşir aslanı" (Pəncşir "beş şir" deməkdir) ləqəbli Məsudun afişalarını bütün Əfqanıstanda görmək olar.