Suriyanın şərqində yerləşən Dirrazur əyalətində Fərat çayında olan adaya hava zərbələri endirilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün səhər naməlum təyyarələr Dirazzurda Fərat çayında yerləşən Huvayca-Kate adasına hava zərbələri endiriblər.
Suriyanın müxalifət mənbələri iddia ediblər ki, hava zərbələri adanın yaxınlığında Suriya hökumət qüvvələri və İrana bağlı olan hərbi briqadalar tərəfindən salınmaqda olan asma körpüyə endirilib.
Bu hava zərbələrində ölən və yaralananların olmadığı, lakin dağıntıların olduğu bildirilir.
Suriyanın müxalifət mənbələri hava zərbələrinin ABŞ və ya İsrail təyyarələri tərəfindən həyata keçirildiyini ehtimal edirlər.
Qeyd edək ki, Suriyada neft quyularının yerləşdiyi Fərat çayının şərqini isə ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələri nəzarətdə saxlayır. Bu qüvvələr 2014-cü ildən başlayaraq bölgədə İŞİD-ə qarşı mübarizə adı altında Suriyanın neft və qazla zəngin olan bu bölgəsini zəbt ediblər.