Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Sudandakı qarşıdurma səbəbindən didərgin düşən mülki şəxslərin sayının 2,5 milyon nəfərə çatdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən açıqlamada münaqişənin başladığı 15 apreldən indiyədək 2,5 milyon dinc sakinin didərgin düşdüyü, onlardan 560 mininin Misir, Çad, Cənubi Sudan, Efiopiya və Mərkəzi Afrika Respublikası kimi qonşu ölkələrə getdiyi bildirilib.
Açıqlamada bildirilib:
"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Sudandakı böhrandan əziyyət çəkənlərin artan humanitar ehtiyaclarından narahatdır. Çünki köçkünlərin sayı artmaqda davam etdikcə, yardımın çatdırılması təhlükəsizlik, əlçatanlıq və maliyyə çatışmazlığı səbəbindən ciddi şəkildə məhdudlaşdırılır. Bütün səylərə baxmayaraq, resurslar kifayət qədər deyil. BMT və onun tərəfdaşları Sudana və qonşu ölkələrə qaçan milyonlarla insana yardım üçün 3 milyard dollardan çox vəsait tələb edir. Qapılarını səxavətlə qaçan insanlara açan hökumətlər beynəlxalq ictimaiyyətdən daha çox dəstəyə layiqdirlər".