Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan xüsusi təyinatlı qüvvələrinin ləğv olunması haqqında sərəncam imzalayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Suverenlik Sürasından verilən bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, fərman xüsusi təyinatlı qüvvələrin dövlətə qarşı üsyan qaldırdığı, vətəndaşlara qarşı kobud qanun pozuntularına yol verdiyi və ölkənin infrastrukturuna qəsdən ziyan vurduğu üçün verilib.
Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid olaraq gördüyü xüsusi təyinatlı qüvvələrini 2 il ərzində orduya tam inteqrasiya edilməsini istəyirdi.
Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasındakı gərginlik 2023-cü ilin 15 aprel tarixində silahlı qarşıdurmaya çevrildi.
Toqquşmalar nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla üç mindən çox adam həlak oldu, on minlərlə adam yaralandı.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Sudandakı münaqişə səbəbindən 4,3 milyondan çox insan yurd-yuvalarından didərgin düşüb.