ABŞ-ın İsrail-Fələstin münaqişəsinin həlli üzrə planına ilk baxış fələstinlilərin öz torpaqlarına olan hüquqlarının pozulduğunu göstərir.
Rasthaber Azərbaycan report-a istinadən xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt bildirib.
Regional təşkilatın baş katibinin fikrincə, ABŞ-ın sülh planı yalnız tərəflər arasında danışıqlardan sonra uğurlu ola bilər: "ABŞ-ın məsələyə baxışını diqqətlə araşdırırıq. Sülhə nail olmaq üçün edilən hər cür səylərə açığıq... Ancaq (ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən – red.) planla ilk tanışlıq fələstinlilərin öz torpaqlarında qanuni hüquqlarının ciddi şəkildə pozulduğunu və təqdim olunan bir çox güzəşt ideyalarının yolverilməzliyini göstərir”.
Əhməd Abul Qeyt həmçinin qeyd edib ki, İsrailin 1967-ci ildən bəri Fələstin ərazilərini işğal etməsinə və ya bu işğalı qanuniləşdirməsinə göz yummaqla ədalətli və davamlı sülhə (fələstinlilər və israillilər arasında – red.) nail olmaq mümkün deyil.
O əlavə edib ki, Fələstinin mövqeyi ABŞ-ın sülh planı üzrə ərəb ölkələrinin kollektiv mövqeyinin formalaşmasında həlledici olacaq.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası Şurası fevralın 1-də xarici işlər nazirləri səviyyəsində "Əsrin sazişi” planının müzakirəsi üzrə təcili iclas keçirəcək.
Xatırladaq ki, dünən “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən prezident Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üzrə “əsrin sazişi” planı hazırladığını bəyan edib. Plan məlum ərazidə iki dövlət – paytaxtı Şərqi Qüds olan ərəb və yəhudi dövləti yaradılmasını nəzərdə tutur.