İşğal altında olan İordan çayının Qərb sahili ötən gecə İsrail qüvvələrinin basqınlarının şahidi olub. Fələstinlilərlə toqquşmada 20-dən çox fələstinli yaralanıb və xəsarət alıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri Eylat hücumunu həyata keçirən iki fələstinlini tapmaq üçün İordan çayının Qərb sahili bölgələrində irimiqyaslı şəkildə axtarışlar həyata keçirir. Hadisənin üstündən iki gün keçməsinə baxmayaraq İsrail qüvvələri iki fələstinlini tapa bilməyiblər.
Eyni zamanda İordan çayının Qərb sahilinin şimal bölgələrində ərazilərin müsadirə edilməsinə qarşı çıxan fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmalar yaşanıb. Əsasən Nablus rayonunun kəndlərində baş verən bu qarşıdurmalarda 20-dən çox fələstinli yaralanıb və xəsarət alıb.
Qeyd edək ki, İsrailin Ali Məhkəməsi azı dörd min fələstinlinin köçürülməsi və 30 min dönüm (bir dönüm min kvadrat metr) əraziyə əl qoyulması ilə bağlı bağlı qərarı təsdiqləyib. İsrailin Ali Məhkəməsinin təsdiqlədiyi qərar (işğal altında olan) İordan çayının Qərb sahilində “Masafer Yatta” bölgəsində 30 min dönəm əraziyə şamildir. İsrail Ordusu 1981-ci ildən, dörd min fələstinlinin məskunlaşdığı bu bölgəni hərbi təlimlər üçün nəzədə tutduğunu elan edib. Fələstin mətbuatının məlumatına görə, bu sayda fələstinlinin köçürülməsi və böyük ərazilərə əl qoyulması 1967-ci ildən bu aya ən böyük köçürmə addımıdır.