İsrail rəhbərliyi İsrailin Müstəqillik Gününü qeyd etmək bəhanəsi ilə Əl Xəlil şəhərindəki Hərəm-i İbrahim məscidinə İsrail bayrağı sancıb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Əl Xəlildəki Vəqflər direktoru Nidal əl-Caberi Hərəm-i İbrahim məscidində İsrail bayrağının ucaldılması ilə bağlı açıqlama verib.
Caberi bildirib ki, İsrail rəsmiləri və orda məskunlaşan bir qrup yəhudi məscidin damına və divarlarına İsrail bayraqları asıblar.
"Bu, fələstinlilərin, ərəblərin və İslam ümmətinin həssaslığına qarşı təxribatdır, həmçinin müqəddəs yerlərin və beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır", - Vəqflər Direktoru Caberi bildirib.
İsrailin divarları, həyətləri və ibadət yerləri daxil olmaqla, məscidin xüsusiyyətlərini dəyişdirərək tam nəzarəti ələ keçirmə yolunda olduğunu qeyd edən Caberi qeyri-müsəlmanların bu ibadət yerində heç bir hüquqlarının olmadığını vurğulayıb.
Digər tərəfdən, Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada məsciddə İsrail bayrağının asılması qınanıb.
Açıqlamada "Hərəm-i İbrahim məscidinə İsrail bayrağının qoyulması beynəlxalq hüququn və Cenevrə konvensiyalarının açıq şəkildə pozulması, vətəndaşların və müsəlmanların hisslərinə qarşı açıq bir təxribatdır. Bu hadisəni qınayırıq" ifadələri işlədilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, İsrailin tarixi və mədəni xüsusiyyətləri ilə məscidin kimliyini dəyişdirmək səyləri “oğurluq və yəhudiləşdirməni davam etdirmək” layihələrinin tərkib hissəsidir.
Açıqlamada Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları bu əməlləri pisləməyə, tarixi yerlərin və ibadət yerlərinin yəhudiləşdirilməsi addımlarını araşdırmaq üçün faktaraşdırıcı komitələri işə salmağa və İsrail hökumətinə dərhal son qoyması üçün təzyiq göstərmək üçün tədbirlər görməyə çağırılıb.
İsrailin 1967-ci ildən işğal etdiyi İordan çayının qərb sahilində yerləşən Əl Xəlil şəhərində yerləşən məscid 1994-cü il fevralın 25-də səhər namazı qılan müsəlmanlara atəş açan Baruch Qoldşteyn adlı yəhudi fanatikinin hərəkətindən sonra bağlanıb. Yenidən açıldığı zaman isə, yarısından çoxu yəhudilər üçün ayrılmış şəkildə iki yerə bölünüb.
Tarixə "Əl Xəlil məscidi (Hərəm-i İbrahim) qırğını" kimi keçən hücumda 29 fələstinli ölüb, 150-dən çox adam yaralanıb.