Azərbaycanın Tovuz rayonu istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində anılıb.
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, kənddə şəhidin ruhuna ehsan süfrəsi təşkil olunub.
Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan Parlamentinin bəzi Azərbaycan dilli millət vəkilləri, siyasi partiya nümayəndələri, ilahiyyatçılar, ağsaqallar, şairlər, yazıçılar və əhali iştirak edib.
Səfir şəhidin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
Qardabaninin İmam Cüməsi, ilahiyyatçı Hacı Namiq Hüseynov az.shafaqna.com-a şəhid haqqında danışıb.
O bu xəbərə sözün əsil mənasında kədərləndiyini bildirərək deyib:
“Şəhid İlqar Mirzəyev uzun müddət idi Azərbaycanda yaşayır, Azərbaycan Ordusunun yüksək rütbəli zabiti idi. Ancaq bu torpaqlarda onun qohumları, dostları və qonşuları yaşayırdı. Hamı bu xəbərdən təsirləndi, kənd əhalisi evlərin birində mərasim təşkil etdilər. Bu ev kənd əhalisinin camaat namazı qılınmasına, mərasimlər keçirilməsi üçün bir şəxs tərəfindən verilib.”
Döyüş xəbərlərinin Gürcüstan azərbaycanlılar arasında böyük səs-küyə səbəb olduğunu deyən ilahiyyatçı Hacı Namiq Hüseynov “Bu döyüş xəbərləri hamımızı narahat etdi. Qardabanidən olan polkovnik şəhidin xəbəri böyük reaksiya doğurdu. Hər bir azərbaycanlı kimi bizlər Azərbaycanın yanındayıq, şəhidlərin ruhunu ehtiramla yad edirik, yaralılara şəfa diləyirik. Ümid edirik ki, Azərbaycan Ordusu tam əzmilə işğal altında olan torpaqlarını azad edəcək!”, -deyə bildirib.
Qardabani “Əlhikmə” müəssisəsinin müdiri Haci Niyazi Əmirxanov da az.shafaqna.com-a münasibət bildirib.
Haci Niyazi Əmirxanov bu xəbərin Gürcüstan azərbaycanlılar arasında səs-küy saldığını qeyd edib: “Döyüş xəbərləri bizim Gürcüstanda yaşayan azərbaycanlıalr arasında ciddi səs-küy saldı. Qardabanidən olan Polkonikin şəhid olması Qardabanidə sürətlə yayıldı. Dərhal qardabanililər anım mərasimi keçirmək qərarına gəldilər. Şəhid polkovnik İlqar Mirzəyevin Qardabaninin İstisu kəndində anım mərasimi təşkil edilməsi yerli əhalinin ona və şəhidə olan hörmətinin açıq sübutudur. Anım mərasiminə yüzlərlə kənd və ümumiyyətlə Gürcüstanın başqa bölgələrindən yerli azərbaycanlılar gəldilər.”
“Əlhikmə” müəssisəsinin müdiri şəhid İlqar Mirzəyevin adının yaşadılacağını qeyd edərək “Təkliflər oldu ki, şəhid İlqar Mirzəyevin yaşadığı evin, həmçinin Qardabanidə oxuduğu məktəbdə xatirə lövhəsi qoyulsun, şəhid haqqında məlumat verilsin. Rayon rəhbərliyi söz verdi ki, bu işlərin görülməsi üçün addım atılacaq. Son olaraq bildirim ki, biz Gürcüstan azərbaycanlıları olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir düşmən həmləsini sərt şəkildə pisləyirik.”, -deyə əlavə edib.
Bütün fotolara aşağıdakı galereyada baxa bilərsiniz: