Şam hökumətinə qarşı olan qruplar Şama girərək hərbi və təhlükəsizlik mərkəzlərini ələ keçirdiklərini və Suriya hökumətinin süqut etdiyini bildiriblər.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya müxalifəti ilk bəyanatını rəsmi televiziyadan yayımlayıb.
Heyət Təhrir əş-Şam (HTŞ) lideri və silahlı müxalifətin əsas simalarından biri olan Əhməd əl-Şera (Əbu Məhəmməd Colani) ölkədə idarəçiliyin müvəqqəti olaraq keçmiş baş nazirə təhvil verildiyini bildirib.
HTŞ lideri həmçinin dövlət müəssisələrinə və qurumlarına hücum edilməməsi barədə xəbərdarlıq edib.
Bu arada bəzi xəbərlərdə Şamın süqutundan bir neçə saat əvvəl bir Rusiya təyyarəsinin paytaxtdan Rusiyanın bazalarının yerləşdiyi ərazilərə doğru hərəkət etdiyi, lakin təyyarənin Homs bölgəsində radarlar tərəfindən qeydə alınmadığı və təyyarədə Bəşər Əsədin olduğu iddia edilib.
Suriya ordusunun komandanlıq mərkəzinin də hökumətin süqut etdiyini elan etdiyi bildirilib.