MDB ölkələri enerji bazalarında konyunkturadan asılılığı azaltmalıdır.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB hökumət başçılarının Şurasının iclasında bildirib.
"Əminəm ki, MDB-yə üzv bütün ölkələr qlobal enerji bazarlarında konyunkturadan asılılığı azaltmalıdır. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatlarımızın əksər sahələrinə təsir edib", - deyə Mişustin vurğulayıb.
O qeyd edib ki, bu şəraitdə ölkələr arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olduqca önəmlidir:
"Bu hədəflər MDB-nin 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyaları layihəsində yer alıb. Bu layihə bizim ölkələrin iqtisadi mövqelərinin möhkəmləndirilməsinə, mal-məhsulların rəqabətədavamlılığının artırılmasına, sənaye sektorları və xidmət sektorlarının inkişafına, ən əsası isə birlik ölkələrinin sakinlərinin rifahının yaxşılaşmasına yönəlib".
Mişustin, həmçinin vurğulayıb ki, heç də asan olmayan iqtisadi şəraitdə strategiyaların qəbulu bütün ölkələrin ümumi maraqlarındadır: "Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik".