Ötən gecə ərzində Rusiya təyyarələri, helikopterləri və PUA-ları Ukraynanın 24 hərbi obyektinə zərbə endirib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Ötən gecə ərzində operativ-taktiki, ordu və pilotsuz aviasiyamız Ukraynanın 24 hərbi obyektini vurub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 18 ərazi, atəş mövqelərində olan artilleriya batareyası, həmçinin “Donetsk Xalq Respublikası”nın Krasnopolye rayonunda iki raket və artilleriya silahları anbarı var.
Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava-bazalı raketləri Ukrayna qoşunları qrupunun Kramatorsk şəhərindəki “Enerqomaşspetsstal” zavodunun ərazisində yerləşən iri silah-sursat anbarını məhv edib. Bundan başqa, Zaporojye vilayətinin Novotavriçeski yaşayış məntəqəsi ərazisində Ukrayna qoşunlarının “Toçka-U” taktiki raket kompleksi, 10 dayaq məntəqəsi, Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib.
Artilleriya bölmələri isə altı idarəetmə məntəqəsini, üç döyüş sursatı anbarını, 187 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukraynanın 26 artilleriya batareyasını vurub. Zərbələr nəticəsində 280-ə qədər millətçi və Ukrayna Silahlı Qüvvələrinin 41 hərbi texnikası məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.
Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 151 təyyarə, 112 helikopter, 742 pilotsuz uçuş aparatı, 290 zenit-raket kompleksi, 2854 tank və digər zirehli döyüş texnikası, 329 reaktiv yaylım atəşi sistemi, 1338 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 268 xüsusi təyinatlı avtomobil texnikası məhv edilib”.