Rusiya: ABŞ ilə münasibətlərin ən pis ssenarisinə hazırıq

Rusiya: ABŞ ilə münasibətlərin ən pis ssenarisinə hazırıq

Rəsmi Moskva Birləşmiş Ştatlarla münasibətlərin inkişafı ilə bağlı ən pis ssenarilərə hazırdır.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı diplomatların qovulma ehtimalı barədə xəbəri şərh edərkən bildirib.

"Bilirsiniz, ABŞ tərəfinin düşmənçiliyi və proqnozlaşdırıla bilməyən addımlar ümumilikdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni kifayət qədər aqressiv, gözlənilməz bir həmsöhbətiniz olduqda, təbii ki, səfərbər vəziyyətə gəlmiş olursunuz", - deyə Peskov "Rusiya yeni sanksiyalarla bağlı ssenarini öyrənirmi və yeni sanksiyalarla mübarizəyə hazırlaşırmı" sualını cavablandırarkən bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ münasibətlərində qeyri-müəyyənlik qalır və "bu, çox pisdir".

Qeyd edək ki, "Bloomberg"in ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla yaydığı məlumata görə, Co Bayden administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.

Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil olunacaq.

Xəbəri paylaş

VİDEOLAR