Rusiya 3-cü vaksinin istehsalına başladı

Rusiya 3-cü vaksinin istehsalına başladı

Çumakov adına Mərkəzdə koronavirusa qarşı “Kovivak” adlı yeni peyvəndin istehsalına rəsmən start verilib.

Bu barədə Rasthaber Sputnik-ə istinadən xəbər verir.

Rusiya Ali Təhsil və Elm Nazirliyinin məlumatına əsasən, peyvəndin ilk partiyasını Mərkəzin rəhbəri Valeri Falkov buraxıb.

Preparat əzələdaxili vurulmaq üçün suspenziya şəklində buraxılır.

“Beləliklə, Rusiya istehsalı olan üçüncü peyvənd də vətəndaşların ixtiyarına verilir və yaxın günlərdə preparat artıq bölgələrə də çardırılacaq”, – deyə məlumatda bildirilir.

Suspenziyanın maksimum satış qiyməti on ədəd ampul üçün 4330 rubl təşkil edir (10 ədəd – təqribən 95 manat).

Çumakov adına Mərkəzin əməkdaşları könüllülər üzərində aparılan təcrübənin nəticələrini yüksək qiymətləndirir və cari ilin payızında peyvəndin sənədlərini ilkin seçimdən keçməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına təqdim etməyi planlaşdırırlar.

“Kovivak” – məqsədyönlü peyvənddir. SARS-CoV-2 virusu əsasında yaradılmış peyvənd infeksion xüsusiyyətlərini itirmiş, lakin eyni zamanda immunitet yaratma qabiliyyətini saxlamış hüceyrələrdən ibarətdir.

Yeni preparat cari ilin fevral ayında qeydiyyatdan keçirilib və ilin sonunadək ən azı on milyon ampul istehsal olunması nəzərdə tutulur.

Qeyd edək ki, Çumakov Mərkəzinin koronavirusa qarşı peyvəndin hazırlanmasında iştirak etmiş əməkdaşları Rusiya Ali Təhsil və Elm Naziri Valeri Falkov tərəfindən nazirliyin yüksək mükafatları ilə təltif olunublar. Nazir bildirib ki, bəzi alimlər dövlət mükafatına da layiq görüləcək.

“Mənim üçün Çumakov adına Mərkəzin kollektivinin böyük bir hissəsinə mükafat təqdim etmək və onları əldə olunan nəticələrlə təbrik etmək sevindiricidir. Mən sizin hər birinizə dəqiq işinizə və gərgin əməyinizə görə təşəkkür edirəm”, – deyə nazir təqdimat mərasimində bildirib.

Xəbəri paylaş

VİDEOLAR