Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Rasthaber Azərbaycan xəbər verir ki, Kazan EXPO-da keçirilən görüş təxminən 1 saat davam edib.
Görüşün mətbuata açıq hissəsində Ərdoğan Putinə dəvətinə və BRİKS Zirvəsinin Genişləndirilmiş Liderlər sessiyasına ev sahibliyi etdiyinə görə təşəkkür edib, onunla yenidən görüşməkdən məmnunluğunu ifadə edib.
Türkiyə Prezidenti, iki ölkə arasında bank ödənişlərində yaranan problemlərin həlli istiqamətində işlərin davam etdiyini bildirib. Rəcəb Tayyib Ərdoğan deyib: "Bizim xəzinə və maliyyə nazirliklərimiz, eləcə də mərkəzi banklarımız bu məsələ ilə bağlı mexanizm yaratmaq məqsədilə əlaqə saxlayır. Ticarət nazirliklərimiz arasında da qurumlararası araşdırmaya başlanılıb".
Vladimir Putin isə Rusiya-Türkiyə münasibətlərinin uzun illərin tərəfdaşlıq və əməkdaşlıq təcrübəsinə əsaslanan mehriban qonşuluq və konstruktiv xarakter daşıdığını qeyd edib.
"Biz sizinlə ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərlə bağlı müntəzəm dialoq aparırıq. Bu daim faydalı əlaqələri yüksək qiymətləndirirəm. İkitərəfli münasibətlərimizdə turizm sahəsi xüsusi yer tutur. 2023-cü ildə Türkiyəyə 6,3 milyon Rusiya vətəndaşı səfər edib ki, bu da əvvəlki illə müqayisədə 20,7 faiz rekord artım deməkdir. Bu ilin yanvar-avqust dövründə Türkiyəyə 4,5 milyondan çox turist səfər edib. Bu göstəricilərə görə Rusiya, Türkiyədə (turistlərin sayına görə) birinci yerdədir," - deyə Vladimir Putin vurğulayıb