Ərəb ölkələrindən İsrailə qarşı BƏYANAT

Ərəb ölkələrindən İsrailə qarşı BƏYANAT

Ərəb ölkələri İsrailin Qəzzaya qurudan hücumlarına reaksiya verib və bunun mülki insanlar üçün təhlükəli nəticələri olacağına diqqət çəkib.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Oman və Körfəz Əməkdaşlıq Şurasından yazılı açıqlamalar veriblər.

Misir Xarici İşlər Nazirliyi bildirib: “Qəzzaya genişmiqyaslı quru hücumu ciddi risklər və misli görünməmiş humanitar və təhlükəsizlik fəsadları törədə bilər. Quru əməliyyatı nəticəsində qadın və uşaq ölümlərinin və itkilərinin sayının artacağından narahatıq”.

BƏƏ Xarici İşlər Nazirliyi verdiyi bəyanatda İsrailin Qəzzaya potensial quru əməliyyatını qınayıb, artan hərbi gərginlik və daha çox insan tələfatına səbəb ola biləcək humanitar böhrandan narahatlığını ifadə edib: “Qan tökülməsi, mülki vətəndaş və qurumların hədəfə alınmasının qarşısını almaq üçün dərhal atəşkəs elan edilməlidir”.

Küveyt Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya "barbar" adlandırdığı hücumunun davam etməsindən çox narahat olduğunu bildirib: “Qəzza ilə bütün əlaqə kəsilib. Belə bir mühitdə hər hansı quru əməliyyatının İsrailin Fələstin xalqına qarşı cinayət törətməkdə qərarlı olduğunu sübut edəcək”.

Oman Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya qarşı amansız müharibəsində həyata keçirdiyi “kollektiv cəza siyasəti”nin müharibə cinayəti olduğunu vurğulayıb və “İsrail ordusunun planlaşdırdığı quru əməliyyatları bölgədə və bütün dünyada sülhün bərqərar olmasına ciddi maneələr yaradacaq”.

Körfəz Əməkdaşlıq Şurası da öz bəyanatında İsrailin Qəzzada hər hansı quru əməliyyatının mülki şəxslərə təhlükəli humanitar təsir göstərəcəyini bildirib.

Digər tərəfdən, BƏƏ İsrailin Qəzzaya qarşı quru əməliyyatlarını genişləndirəcəyi ilə bağlı açıqlamalarından sonra Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili iclas etməyə çağırıb. BƏƏ-nin BMT missiyasının “X” sosial media hesabında yer alan çağırışda yazılır: “BƏƏ İsrailin Qəzzaya qarşı quru əməliyyatlarını genişləndirəcəyi ilə bağlı açıqlamaları fonunda BMT Təhlükəsizlik Şurasını ən qısa zamanda təcili iclas etməyə çağırır”.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzzaya etdiyi hücumlarda ölənlərin sayı 8, yaralananların sayı 20 minə çatıb.

Xəbəri paylaş

VİDEOLAR