Quterreşin müavini iranlı diplomatlarla Yəməndə sülhü müzakirə edib

Quterreşin müavini iranlı diplomatlarla Yəməndə sülhü müzakirə edib

“İran xarici işlər naziri və digər rəsmilərlə faydalı və konstruktiv görüşlər keçirib fikir mübadiləsi apardım”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Tehranda İran xarici işlər naziri Hüseyn Əmir Abdulahian ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“İranla əməkdaşlığımızın ən son nümunəsi Yəməndə sülhün bərpasıdır. Ümid edirik ki, tezliklə bu sahədə irəliləyiş görəcəyik. Yəmən xalqı üçün görülə biləcək ən mühüm hərəkət Yəməndə sülhdür. Bu gün Yəməndə atəşkəsin davam etdiyi bir vaxtda bu çox mühüm hadisədir və davamlı sülh əldə edilməlidir”, - Qriffits əlavə edib.

BMT Baş katibinin müavini həmçinin İrana qarşı sanksiyaları da müzakirə etdiklərini bildirib.

Qriffits zəlzələ zamanı Türkiyəyə daha çox yardım göndərilməsi ilə bağlı sualı da cavablandırıb. O vurğulayıb ki, Türkiyəyə Suriya ilə müqayisədə daha çox yardım göndərilməsi ilə bağlı fikirləri qəbul etmir: “Suriyada yardımın ən çox ehtiyacı olan bölgələrə çatması üçün əlimizdən gələni etdik. Unutmayın ki, zəlzələnin episentri Türkiyədə olub və mən zəlzələdən dərhal sonra Türkiyəyə getdim və gördüm ki, Türkiyədə insan və maddi itkilərin və tələfatların miqdarı Suriyadakından qat-qat artıqdır. Türkiyənin humanitar yardıma ehtiyacı Suriyadan çox idi”.

Baş katibin müavini İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə də görüşüb. Görüşdə regionda baş verən son hadisələr, xüsusilə İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası, Suriya və Yəməndə humanitar problemlər, eləcə də regionda sülhün bərqərar olması perspektivi müzakirə edilib. Martin Qriffits həmçinin İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin bərpası ilə bağlı son razılaşmanı regionda baş verən proseslər və sülh prosesinin irəliləməsi üçün müsbət hesab edib və region ölkələrinin bu işdə iştirak və əməkdaşlığının vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR