Qərb Rusiyanı diz çökdürəcəyini və parçalayacağını düşünüb, lakin bunu etmək mümkün olmayıb.
Az.rasthaber.com “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) “çərçivəsində” keçirilən plenar iclasda deyib.
“ABŞ və Avropanın bəzi ölkələrinin elitaları arasında Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyi yaranıb. Onlar düşünürdülər ki, indi bu vəziyyətdən istifadə edib Rusiyanı diz çökdürüb parçalayacaqlar. Elitalar sanki əsrlər və ya onilliklər boyu səy göstərdikləri strateji məqsədlərinə çatacaqlarını düşünürdülər – hər şey bundan ibarətdir”, – o vurğulayıb.
Vladimir Putin forumda həmçinin qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin həllində səmimi maraq göstərən ölkələrə hörmətlə yanaşır.
“Biz bu münaqişə ilə bağlı bütün məsələlərin həllində səmimi maraq göstərən dostlarımıza və tərəfdaşlarımıza hörmətlə yanaşırıq. Bunlar ilk növbədə Çin Xalq Respublikası, Braziliya və Hindistandır”, – deyə Putin ŞİF-in plenar iclasında bildirib.
O, bu məsələ ilə bağlı onlarla daim təmasda olduğunu qeyd edib və bu ölkələrin rəhbərlərinin prosesin təfərrüatlarını anlamağa və kömək etmək istəyinə şübhə etmədiyini vurğulayıb.
Xatırladaq ki, Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.