Rusiya qüvvələri Ukraynanın şərqində daha sürətlə irəliləyir.
Az.rasthaber.com "Modern"ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiya qüvvələrinin gündə bir neçə kvadrat kilometr ərazini tutduğunu iddia edib.
“Bizim Donbasda uzun müddətdir ki, hücumda belə tempimiz olmayıb. İndi biz 200 və ya 300 metr irəli getməkdən danışmırıq... Rusiya silahlı qüvvələri artıq əraziləri 200-300 metrlərlə yox, kvadrat kilometrlə nəzarət altına alır”, - Putin Tuvanın Qızıl şəhərindəki 20 nömrəli orta məktəbdə deyib.
Ukraynanın 18%-nə nəzarət edən Rusiya qüvvələri Kursk vilayətindəki vəziyyətə baxmayaraq, Ukraynanın şərqində sürətlə irəliləyir.
Rus hərbi blogerlər Rusiya qüvvələrinin Ukraynanın strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşdığını bildirib.
Məsələn Ukrayna əsilli, rusiyayönlü nüfuzlu hərbi bloger Yuri Podolyaka qeyd edib ki, Pokrovskdan təxminən 20 km cənubda yerləşən Selidovda və Selidovdan təxminən 14 km cənubda yerləşən Ukrainskda gərgin döyüşlər gedir. Tammiqyaslı müharibə başlamazdan əvvəl müvafiq olaraq 20,000 və 10,000-dən çox əhalisi olan şəhərlər uğrunda döyüşlərə böyük qüvvə cəlb edilib.
Rusiyayönlü bloger Rybar da hər iki şəhərdə döyüşlərin getdiyini bildirib. Rusiyanın TASS dövlət xəbər agentliyi Ukrayna qüvvələrinin Selidovanın bir hissəsindən çıxarıldığını iddia edib.
Rusiyalı blogerlər bildirirlər ki, cənubdan Kuraxivka şəhərinə doğru irəliləməklə Rusiya qüvvələri Ukraynanın müdafiə xətlərini yarmağa çalışır, eyni zamanda Pokrovsk-Donetsk yolu üzərində sürətini artırır və ərazinin bir hissəsini mühasirəyə alır. Məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin şərqindəki Skuçne kəndini nəzarətə götürüb.