İran Prezidenti izzət və qürurumuzu qoruyaraq danışıqlara hazır olduğumuzu vurğulayaraq deyib: “Biz nüvə nailiyyətlərimizdə güzəştə getməyəcəyik və onları mübadilə etməyəcəyik.”
Az.rasthaber.com xəbər verir ki, Məsud Pezeşkiyan bu gün, 9 aprel çərşənbə günü Milli Nüvə Texnologiyası Günü ilə bağlı keçirilən mərasimdə nüvə şəhidlərinin xatirəsini ehtiramla yad edərək deyib: “İnsanın “elm və biliyinə” görə mələklər ona səcdə etdi. Ölkəmizi, xalqımızı qüdrətə, izzətə çatdıran elm və bilikdir. Bu məqama gəlib çatmağımızın səbəbi bu yolda zəhmət çəkmiş böyük insanların zəhməti, təlaşı sayəsindədir.”
İran Prezidenti bir daha İranın nüvə bombası ardınca olmadığını vurğulayaraq deyib: “İranın nüvə bombası istehsal etmək istədiyini deyirlər. Kim İnqilabın Ali Rəhbərindən yuxarı siyasət qura bilər? Halbuki, rəsmi və açıq şəkildə bəyan etmişdir ki, biz atom bombası yaratmaq fikrində deyilik. Yüz dəfə yoxlamısınız, min dəfə də yoxlayın. Ancaq bilin ki, bizim nüvə elminə, nüvə enerjisinə bütün sahələrdə ehtiyacımız var. Onlar heç vaxt bu ehtiyacı təmin etməyəcəklər. Onlar bizim alçalmağımızı istəyirlər, amma biz heç vaxt alçalmayacağıq.”
“Biz müharibəyə can atmırıq, amma sevdiklərimizin yaratdığı bilik və güclə istənilən təcavüzə qarşı möhkəm dayanacağıq. Nə qədər çox zərbə vursalar, bir o qədər güclü olacağıq. Nə qədər təhdid etsələr, bir o qədər möhkəm olacağıq. Biz təcavüzkar deyilik və heç kimə təcavüz etmək fikrində deyilik” - deyə, Prezident əlavə edib.
Məsud Pezeşkiyan bildirib: “Ali Məqamlı Rəhbər buyurdu ki, biz danışıqlara hazırıq, amma birbaşa danışıqlar olmayacaq. Çünki güvənmirik. Bir tərəfdən bütün imkanlarımızı və ya əlaqələrimizi boykot edib sonra “gəl danışaq” deyə bilməzsiniz. Danışıqlarda bunları qəbul etməlisiniz.”
Pezeşkiyan deyib: “Biz sülh və təhlükəsizlik ardıncayıq, dialoqa açığıq, ancaq izzət və qürurla. Nailiyyətlərimizdə güzəştə getməyəcəyik, onları mübadilə etməyəcəyik. Heç vaxt imkan verməyəcəyik ki, onlar bizi düşünməkdən çəkindirsinlər, yenilikçi və yaradıcı olmağımıza mane olsunlar.”