13.10.2024 13:57:18
Ermənistanın Sünik vilayətindən keçən yola (Zəngəzur dəhlizi-red.) nəzarət funksiyası Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə bilər.
Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.
“Rusiya FTX nümayəndələrinə yalnız Sünikdə yola nəzarət funksiyası verilə bilər” – deyən Paşinyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib. O, “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət yetirib.
“Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər? Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında əksini tapan bu məsələ necə başa düşülür? Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələri, Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyasını həyata keçirə bilər” – Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.
Paşinyan həmçinin qeyd edib ki, bəyanatın bəndlərinin yerinə yetirlməsi ilə bağlı çoxlu problemlər var. O iddia edib ki, bir çox digər məsələlər, xüsusən də Laçın dəhlizi, əsirlərin və digər məhbusların geri qaytarılması ilə bağlı məsələlər yerinə yetirilməyib.
Bundan əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfdən həmsədri Aleksey Overçuk bildirib ki, Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması, Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası ilə bağlı proseslərə hər zaman köməklik göstərməyə hazırdır.
Overçuk həmçinin bildirib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Eyni zamanda, o qeyd edib ki, 1,5-2 ildir ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işində heç bir irəliləyiş yoxdur.
Qeyd edək ki, 9-10 noyabr tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı bənd yer alıb. Bəyanata 2021-ci il yanvarın 11-də Moskvada keçirilən görüşdə əlavələr edilib və burada regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafı üçün baş nazirin müavinləri səviyyəsində işçi qrupun yaradılması qərara alınıb. Lakin uzun müddətdir ki, komissiya fəaliyyət göstərmir, İrəvan və Bakı birbaşa işləyir.