Paşinyan: Hazıram...

Paşinyan: Hazıram...

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib.

Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

"Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - o bəyan edib.

Hökumətin iclasının gedişində Paşinyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazırdır. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir.

Baş nazir belə hesab edir ki, təxribat xarakterli bəyanatlardan və hərkətlərdən çəkinmək lazımdır və bu danışıqlar üçün müvafiq atmosferin yaranmasına imkan verər. Onun sözlərinə görə, təxribatların təşəbbüskarlarının identifikasiyası üçün vəziyyətin gərginləşməməsi vacibdir və bunu beynəlxalq müşahidə mexanizminin iştirakı olmadan təsəvvür etmək çətindir.

“Məncə bu, KTMT-nin müşahidə missiyası olmalıdır, əgər bu variant qəbul edilməsə, o zaman alternativ olaraq ATƏT-in Minsk qrupunun müşahidə missiyası qalır”, – deyə o vurğulayıb.

Paşinyan mürəkkəb regional problemlərin həllinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, “həll yolunu” tapmaq mühümdür: “Həm çətin, həm də asan həll yolları var, belə yollardan biri regional nəqliyyat kommunikasiyalarının bərpasını nəzərdə tutur. Bu məsələdə fəal olmaq və təşəbbüskarlıq nümayiş etdirmək vacibdir. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində bizim mövqeyimiz dəyişməyib, bu istiqamətdə işi sürətləndirmək lazımdır. Regionda düşmənçilik atmosferinin dərinləşməsi yol vermək olmaz”.

Ermənistanın baş naziri, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işinin bərpasına Yeravanın hazır olduğunu da bəyan edib. “Fikrimcə, regional kommunikasiyaların bərpası məsələsini sürətlə həll etmək olar. Biz qısa vaxt ərzində baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işini bərpa etməliyik ki, bölgədə kommunikasiyaların yenidən qurulması mümkün olsun”, – deyə o vurğulayıb.

Üçtərəfli İşçi qrupu yaradılması

Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Xəbəri paylaş

VİDEOLAR