Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasından "qəzəbləndiyini" və "iyrənc bir hərəkət olduğunu" bildirib.
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan "Əl-İttihad" qəzetinə müsahibə verən Papa Fransisk İsveçdə Qurana qarşı təxribatı bir sual üzərinə dəyərləndirib.
"Mən qəzəblənirəm, belə hərəkətlərə nifrət edirəm", - deyən Papa bildirib ki, müqəddəs sayılan hər bir kitaba inananların xatirinə hörmət edilməlidir.
Papa daha sonra bildirib:
"İfadə azadlığından heç vaxt başqalarını aşağılamaq üçün istifadə edilməməlidir. Bu cür hərəkətlər yolverilməzdir, bu, qınanılmalı bir hərəkətdir".
Məqsədlərinin dini hissləri əməkdaşlığa, qardaşlığa və konkret hərəkətlərə çevirmək olduğunu bildirən Papa deyib:
“Bu gün bizə silah yaradanlar deyil, sülhpərvərlər lazımdır. Bizə münaqişənin təhrikçiləri yox, dinc insanlar lazımdır.
Bizə od-alov yaradanlar yox, "yanğınsöndürənlər" lazımdır. Ya qardaş sivilizasiya, ya da mürtəce düşmənçilik. Ya gələcəyi birlikdə qururuq, ya da gələcək yoxdur".
Papa bildirib ki, dinlərarası əməkdaşlığın gələcəyi qarşılıqlılıq, başqalarına hörmət və həqiqət prinsipinə əsaslanır.