Ümumdünya Səhiyyə Təşkilatı bildirib
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi Əfqanıstanın Talibanın nəzarətinə keçməsindən bəri çox ehtiyac duyulan dərman və tibbi ləvazimatların olduğu Pakistan humanitar yardım təyyarəsinin ölkəyə çatdığını bildirib.
ÜST-ün bildirdiyinə görə, humanitar yardım Dubayda yüklənib və birbaşa Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə çatdırılıb. Yardım dərhal Əfqanıstanın 29 vilayətindəki 40 tibb müəssisəsinə çatdırılacaq.
Taliban qüvvələri avqustun 15-də bir həftə çəkən görünməmiş irəliləyişlərdən və 34 vilayətdən 33-nü ələ keçirdikdən sonra devrilmiş hökumətin təhlükəsizlik qüvvələri tərəfindən ciddi müqavimət görmədən Kabila girib.
Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi kollektiv humanitar yardım səylərini genişləndirmək üçün təcili olaraq etibarlı bir humanitar hava körpüsünə ehtiyac olduğunu bildirib.
"Həll yolunu tapmaq üçün günlərdir davam edən fasiləsiz işlərdən sonra Əfqanıstandakı səhiyyə müəssisələrinin ehtiyaclarını qismən qarşılaya bildiyimizə və ÜST tərəfindən dəstəklənən səhiyyə xidmətlərinin davam edə biləcəyinə görə çox məmnunam"- deyə, ÜST-ün Aralıq dənizinin şərq bölgəsi üzrə regional direktoru, doktor Əhməd Əl-Mandhari bildirib.
Çatdırılan 12.5 tonluq təchizata travma dəstləri və təcili tibbi yardım dəstləri daxildir. Bu təchizat 200 mindən çox insanın əsas səhiyyə ehtiyaclarını, 3500 cərrahi prosedurunu təmin etmək və 6500 travma xəstəsini müalicə etmək üçün kifayətdir.
ÜST bazar ertəsi Pakistan Beynəlxalq Hava Yolları (PIA) ilə Əfqanıstana çatdırılan təcili dərman və tibbi ləvazimatın planlaşdırılan üç humanitar yardım təyyarəsindən birincisi olduğunu qeyd edib.