Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 polis əməkdaşı həlak olub.
Az.rasthaber.com xəbər verir ki, hadisə Xeyber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda polis bölməsində baş verib.
Ölkə mətbuatının məlumatına görə, 30-dan çox yaraqlı 3 istiqamətdən hücuma keçib və qarşıdurma azı 2,5 saat davam edib.
Rəsmilər hücumçuların səhər tezdən polis idarəsini qısa müddətə nəzarətə götürdüyünü bildirib.
Səlahiyyətlilər bildiriblər ki, yaraqlılar polis bölməsinə daxil olduqdan sonra əl qumbaralarından istifadə ediblər ki, bu da polisin daha çox həyatını itirməsinə səbəb olub.
Bildirilib ki, indiyədək 10 polis əməkdaşı ölüb, 6 polis əməkdaşı yaralanıb.
Fevralın 8-də keçirilməsi planlaşdırılan Milli Assambleya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik məclislərinə seçkilər öncəsi Pakistanda gərginlik artdıqca, zorakılıqlarda da artım müşahidə olunur.