Bəzən insanlar oruc tutduqda bir sıra məsələlərlə rastlaşırlar ki, onların cavabını tapmaqda çətinlik çəkirlər. Buraya diş həkiminə getmək, çimmək və ağız suyunu udmaq kimi məsələləri aid etmək olar.
Az.rasthaber.com "Sirat.az"a istinadən sözügedən yanlış bilinən məsələləri təqdim edir:
İlk öncə bunu qeyd etmək lazımdır ki, oruc olan halda insanın bilmədən orucunu batil etməsi orucu pozmur.
Diş həkiminə getmək də qadağan deyil. Lakin hər hansı bir zərrənin və ya qanın boğaza çatmasından ehtiyat etmək lazımdır. Ağız suyu və bəlğəmin udulması da orucu pozmur. Həmçinin ağzı su ilə yaxalamaq və dişləri fırçalamaq da icazəlidir.
Aşpaz işləyən və ya mətbəxdə çalışanlar, adətən, hazırladıqları yeməyin dadına baxmaq məcburiyyəti ilə üzləşirlər. Həmin şəxslər bilməlidirlər ki, udmamaq şərti ilə yeməyin dadına baxmaq olar.
İslamda təmizlik və paklığa böyük əhəmiyyət verilir. Belə olan halda oruc halında çimməyin qadağan olunması məqsədəuyğun hesab edilmir. Çimmək orucu yalnız o halda batil edir ki, insan başını tamamilə suyun altına salsın. Lakin duşdan başa tökülən su şiddətlə axsa belə,orucu poza bilməz. Əgər elə olsa idi, oruc tutan şəxs yağışdan qaçmağa məcbur olardı.
Bundan əlavə, bir çoxları hesab edir ki, ramazan ayında toy və əyləncə məclisləri keçirmək olmaz. Lakin bu heç də belə deyil. Ramazan ayında İmam Həsənin (ə.s) mövludu qeyd olunur. Ayın sonunda isə Fitr bayramıdır. Bir tək ikinci qədr gecəsi İmam Əlinin (ə.s) şəhadəti günüdür ki, həmin gün bayram etmək müsəlmana yaraşmaz.
“Namaz qılmayan oruc tuta bilməz” fikri də yanlışdır. Təbii ki, namaz qılmaq oruc tutmaq qədər vacib əməldir. Lakin qeyd olunan iki əməl bir-birindən ayrıdır. İnsan istər namaz qılsın, istərsə də qılmasın, oruc tuta bilər.