Oqtay Gülalıyevin İstanbulda müalicəsi daha 10 gün uzadılıb

Oqtay Gülalıyevin İstanbulda müalicəsi daha 10 gün uzadılıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbuldakı “Amerika” xəstəxanasında müalicəsinin müddəti daha 10 gün uzadılıb.

Bu barədə Turan-a onun həyat yoldaşı Füruzə Gülalıyeva məlumat verib.

Həkimlərin dediklərinə görə, Heydər Əliyev Fondu bu klinikada müalicənin maliyyələşdirilməsini daha 10 gün uzadıb.

Bundan əvvəl, Repressiya və İşgəncələr Əleyhinə Komitə fəalın müalicəsi üçün beynəlxalq təşkilatlara müraciət etmişdi. Çünki İstanbul klinikasında qalmaq üçün maliyyələşmə dekabrın 9-da başa çatırdı. Beynəlxalq təşkilatlar müraciətə cavab verərək maliyyələşmə dayandırıldığı halda yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR