Yəmən Ənsarullah Hərəkatının Baş katibi Əbdülməlik əl-Husi Qəzzədə qaçqınların vəziyyətinin dəhşətli olduğuna işarə edərək vurğulayıb: “Sionist rejim əhalini Qəzzənin şimal bölgələrindən qaçmağa məcbur etməyə çalışır.”
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi sionist düşmənin hər gün Fələstin xalqına qarşı böyük cinayətlər və qırğınlar törətdiyini vurğulayaraq deyib: “İşğalçı ordunun Kamal Ədvan xəstəxanasına hücumu bu rejimin vəhşiliyini göstərir.”
Əl-Husi bildirib: “İşğalçı rejim müsəlmanların və ərəblərin əksəriyyətinin tam hərəkətsizliyi sayəsində fələstinlilərə qarşı hər cür cinayət törədir.”
Seyid Əbdülməlik əl-Husi həmçinin Suriyadakı son hadisələrə toxunaraq deyib: “Sionist rejimin baş naziri Benyamin Netanyahu Suriya hökumətinin devrilməsinin İsrail üçün yeni və mühüm imkanlar yaratdığını və bu imkanların əslində reallaşdığını deyib.”
Əl-Husi qeyd edib ki, sionist düşmən Suriyada baş verənləri qondarma “atəşkəs” razılaşmasına son qoymaq üçün real fürsət hesab edir və nəinki bundan yararlanır, həm də bir çox başqa imkanlar yaratmağa cəhd edir.
Ənsarullah lideri deyib: “Düşmən Fələstinin ətraf ərazilərinə tamah gözü dikib. Bu məsələ sionist rejimin media mədəniyyəti proqramlarında, siyasi planlarında və Amerika ilə ortaq sui-qəsdlərində var.”
Əbdülməlik əl-Husi deyib: “Sionist rejimin Suriyadakı təcavüzü iki yolla həyata keçirilir: bu rejim qüvvələrinin Suriya ərazisinin dərinliklərində Dəməşq ətrafına yaxınlaşma mərhələsinə qədər irəliləməsi və bu ölkənin hərbi potensialının məhv edilməsi.”