Sionist İsrail rejiminin lideri Binyamin Netanyahunun da sədri olduğu Likud Partiyasına basqın edilib.
Az.rasthaber.com xəbər verir ki, çoxlu sayda nümayişçi baş nazir Binyamin Netanyahunun Likud partiyasının Təl-Əvivdəki qərargahına soxularaq Qəzzada əsir saxlanılan israillilərin azad edilməsi üçün məhbus mübadiləsi razılaşmasının əldə olunmamasına etiraz edib.
Yerli qaynaqların verdiyi məlumata görə, Qəzzada məhbus mübadiləsi razılaşması tələb edən çox sayda insan İsrailin Qəzzaya hücumlarının 600-cü günündə Netanyahunun Likud partiyasının qərargahının yerləşdiyi binaya basqın edib.
Fəalların sosial mediada paylaşdıqları görüntülərdə İsrail polisinin nümayişçiləri zorla çıxarmağa çalışdığı, bəzi etirazçıların isə pilləkənlərə qandal vurduğu görünür.
Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, nümayişçilər partiya ofisinin yerləşdiyi binada etiraz aksiyası keçirərkən, yüzlərlə adam çöldə oturaq aksiya keçirib, binanın ətrafındakı yolları bağlayıb, Netanyahu və bəzi nazirlərin şəkilləri olan maskalar taxıb, edam məhbuslarının geyindiyi narıncı kombinezon geyinib.
Xəbərdə polisin nümayişçilərə müdaxilə etdiyi, kütləni dağıtdığı və etirazçıların səs-küy yaratmaq üçün istifadə etdiyi cihazları müsadirə etdiyi bildirilib.
İsraildə müxalifət və məhbusların yaxınları İsrail hökumətini sərt şəkildə tənqid edir, onu Qəzzada saxlanılan məhbusları taleyinə buraxmaqda ittiham edir və tez-tez etiraz aksiyaları təşkil edirlər.