Qətərə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Qətərə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb. Görüşdə Qəzza və Fələstindəki son vəziyyət müzakirə edilib.
Əmir Abdullahiyan dünən axşam Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə də görüşüb.
Görüş zamanı Əmir Abdullahiyan son 6 həftə ərzində tez-tez görüşdüklərinə diqqət çəkərək, Qətər əmiri və həmkarına Fələstinlə bağlı dəyərli səylərinə və Qəzzada müvəqqəti atəşkəs üçün zəmin hazırladıqlarına görə təşəkkür edib.
Qəzzada müvəqqəti atəşkəsi müsbət qarşılayan Hüseyn Əmir Abdullahiyan deyib:
"Əgər İsrail rejimi atəşkəsin bu mərhələsindən sonra müharibəni davam etdirərsə, bölgədə vəziyyət daha da gərginləşəcək və reaksiyalar daha geniş yayılacaq".
İranın xarici işlər naziri Əmir Abdullahian Livandakı təmaslarından sonra dünən axşam saatlarında təyyarə ilə Qətərə gedib.
Qəzzadakı son hadisələri müzakirə etmək üçün Livanın paytaxtı Beyruta səfər edən İranın xarici işlər naziri Livanın baş naziri Nəcib Mikati, parlamentin sədri Nebih Berri, Hizbullah lideri Həsən Nəsrullah və HƏMAS və İslami Cihad təşkilatının yüksək səviyyəli rəsmiləri ilə görüşüb.