Amerika Birləşmiş Ştatlarının "Əsrin müqaviləsi" deyə tanıtdığı Fələstini parçalama planı yenidən gündəmdədir.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın söylədiyinə görə, Ağ Ev, ehtimal ki, yanvarın 28-nə qədər bu planın bir qismini açıqlayacaq.
D.Tramp 28 yanvarda İsrailin baş naziri Binyamin Netanyahu və onun ən böyük siyasi rəqibi Benni Qentzlə (Benny Gentz) Ağ Evdə bir araya gələcək.
Buna Fələstinin reaksiyası gecikməyib. Ölkənin Prezident Aparatının sözçüsü Nəbil əbu Rudeyne bildirib: “Planı rədd edirik və açıqlanmanı qəbul etməyəcəyik. Əks halda Fələstin hökuməti qanuni haqlarının qorunması üçün lazımi işləri yerinə yetirəcək”.
Fələstin dövlət başçısı Mahmud Abbas isə Trampın dediyi “Əsrin müqaviləsi”ni "Əsrin silləsi" adlandırıb.
Müqavilənin ayrıntıları açıqlanmasa da, beynəlxalq mediada əks olunan xəbərlərə görə, plan Qüdsün hamısının İsrailə verilməsini nəzərdə tutur.