Beyrutun Hamra rayonunda nümayişçilər mərkəzi küçələri bağlayıb, Livan paytaxtını aeroportla birləşdirən yola yanan təkərlər düzüblər.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, Mərkəzi bankın yaxınlığında, idman şəhərciyində, Mazraa küçəsində gənclər zibil qutuları ilə təkər yandırıblar.
Qarışıqlığıa səbəb baş nazir Saad Həriri ilə Prezident Mişel Aun arasında yeni hökumətin qurulması istiqamətində müzakirələrin nəticəsiz bitməsidir.
Danışıqların uğursuz yekunu Livan funtuna da təsir edib: bir neçə saat ərzində onun dollara qarşı məzənnəsi 2,3 min düşüb, indi Livanın qara bazarında bir ABŞ dolları üçün 14 min funt tələb olunur.
Baabda sarayında Aunla qısa müddət görüşəndən sonra Həriri bildirmişdi ki, dövlət başçısının təklifindən imtina edib. Onun sözlərinə görə, prezident nazirlikləri konfessional xüsusiyyətlərinə görə bölməyi təklif edib, həmçinin bunların böyük hissəsi prezidentin siyasi komandasının xeyrinə işləməlidir.
Martın 16-da Aun söyləmişdi ki, əgər Həriri milli qurtuluş hökumətini yaradıb ona başçılıq edə bilməyəcəksə, vəzifəsindən getməlidir. Livan Prezidenti Baş naziri Baabdadakı prezident sarayına dəvət etmişdi ki, "dərhal, onunla razılıq əsasında, ...bəhanəsiz və ləngimədən hökumət qursun". Həriri isə buna cavab olaraq prezident hökumətin formalaşdırılması haqda sərəncam imzalamayacağı təqdirdə növbədənkənar prezident seçkisi keçirilməsini təklif etmişdi.
Livan Konstitusiyasına görə, hökumət respublika prezidentinin imzası olmadan formalaşdırıla bilməz, ancaq eyni zamanda bu halda konstitusiyada Həririnin öz vəzifəsindən getməsi üçün heç bir maddə nəzərdə tutulmayıb.
Həriri ötən ilin oktyabrında növbəti dəfə baş nazir postuna gələndə bildirmişdi ki, operativ qaydada nazirlər kabineti formalaşdırmağa hazırdır. Ancaq faktiki olaraq bu günə qədər o, bütün tərəfləri qane edə biləcək tərkib qura bilməyib.