İraq Baş naziri Mustafa əl-Kazımi ölkənin şimalındakı Mahmur şəhərinə elan edilməmiş səfərlə gəlib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Mosul əyalətinə səfəri zamanı onu İraq Baş Qərargahı və Daxili İşlər Nazirliyinin rəsmiləri müşayiət edir.
Hökumətin məlumatına görə, Baş nazir ilk olaraq Bağdaddan İraq Kürdüstanının paytaxtı Ərbilə gəlib, oradan ölkənin ikinci ən böyük şəhəri Mosula, daha sonra isə Mahmura gedib.
Hərbi formada olan əl-Kazımi Mahmurda müdafiə naziri Cuma İnadla söhbət edib.
Baş nazir “İŞİD terrorçuları ilə effektiv mübarizə məqsədi ilə təhlükəsizlik planlarının yenidən gözdən keçirilməsinin” əhəmiyyəti barədə bildirib.
O, həmçinin İraq Kürdüstanının rəsmiləri ilə də görüşüb.
Əl-Kazımi İraq ordusu və İraq Kürdüstanının Peşmərgə qüvvələrinin birlikdə anti-terror əməliyyatına başladığını elan edib.
Xatırladaq ki, son zamanlar İŞİD terrorçularının İraqda hücumlarının sayında artım müşahidə edilir.