Britaniyada koronavirusa yoluxanların müalicəsində bu xəstəlikdən sağalanların qanından istifadə edilə bilər.
Britaniya Səhiyyə Sisteminin Qan və Transplantasiya (NHSBT) bölməsi bu məqsədlə Covid-19-dan sağalmış bəzi insanlardan qan vermələrini xahiş edib.
Ümid edilir ki, sağalmış xəstələrin qanında əmələ gəlmiş antitellər digər xəstələri virusdan qurtara bilər.
ABŞ-da bu effekti öyrənmək üçün artıq 1500-dən çox xəstəxananı əhatə edən böyük bir layihəyə başlanılıb.
İnsanın immun sistemi yoluxma zamanı virusu hədəfləyən antitellərin əmələ gəlməsiylə reaksiya verir.
Qanda əmələ gələn həmin antitelləri plazmada, yəni qanın tərkib hissəsi olan mayedə aşkar etmək olar.
NHSBT Covid-19-dan sağalmış xəstələrə müraciət edərək onlardan götürülən plazma ilə virusa yoluxanların müalicə edilməsinin mümkünlüyünü öyrənir.
"Biz onun Covid-19-dan mümkün müalicə üsulu kimi sınaqlardan keçirilməsini nəzərdə tuturuq, - NHSBT tərəfindən verilən şərhdə deyilir. - Buna tam icazə verilsə, sınaqlarda sağalmış insanların plazmasının köçürülməsinin Covid-19 xəstələrinin sağalma sürətinə və sağ qalmaq şanslarının yaxşılaşmasına təsiri araşdırılacaq.”
"Xəstələri qorumaq və etibarlı nəticələr əldə etmək üçün bütün klinik sınaqlar ciddi təsdiqləmə prosesindən keçməlidir. Təsdiqləmə prosesini mümkün qədər tez keçmək üçün hökumət və bütün müvafiq qurumlarla sıx əlaqə rejimində işləyirik."
Bu üsul əvvəlki pandemiyalarda necə kömək edib?
Sağalmış xəstələrin qanından istifadə etmək tibbdə yeni bir fikir deyil.
100 il bundan əvvəl İspan qripi epidemiyası zamanı və bu yaxınlarda Ebola və Sars epidemiyaları zamanı bu üsuldan istifadə edilib.
Bu üsulun effektivliyi və koronavirusa qarşı nə qədər təsirli olacağını öyrənmək üçün hərtərəfli araşdırmalar aparılmalıdır, çünki indiyə qədər bu istiqamətdə yalnız məhdud araşdırmalar yer alıb.
Alimlər hesab edirlər ki, plazma möcüzə yaratmayacaq.
Amma koronavirusun müalicəsində hələlik ciddi nəticə əldə olunmadığı nəzərə alınarsa, plazma üsulunun koronavirusa qarşı bir peyvənd tapılana qədər vaxt qazanmağa imkan verəcəyi ümidləri mövcuddur.
BBC Azərbaycanca