Koronavirusu necə müalicə edirlər? Arbidol, iynəyarpaq və biyan kökü...

Koronavirusu necə müalicə edirlər? Arbidol, iynəyarpaq və biyan kökü...

Koronavirusa yoluxmuş təxminən 50 min insanı müalicə etmək mümkün olub.

Koronavirus 11 ölkədə 3000-dən çox insanın həyatına son qoyub. Çinlə yanaşı ölüm halları Avstraliya, İran, İspaniya, İtaliya, ABŞ, Tailand, Tayvan, Fransa, Cənubi Koreya, Yaponiya və Filippində qeydə alınıb.

Bununla yanaşı, koronavirusa yoluxmuş təxminən 50 min insanı müalicə etmək mümkün olub.

İki həftədən artıqdır ki, sağalmış xəstələrin sayı yeni qeydə alınan hadisələrin sayını üstələyir.

Lakin alimlərin səylərinə rəğmən, virusa qarşı vaksin hazırlamaq cəhdləri hələ ki, nəticə verməyib və ən azı növbəti bir neçə ay ərzində onun hazır olacağını gözləmirlər.

ABŞ-la yanaşı bir sıra ölkədə siçan və dəniz donuzcuqları üzərində sınaqlar davam etdirilir. Hərçənd ki, aprel ayına kimi insanlar üzərində vaksin testləri keçirilməyəcək. Yeni peyvəndin təsdiqi və bürokratik nizamlanma ilə bağlı işlər isə ilin sonunadək uzana bilər.

Bəs xəstələri necə müalicə edirlər?

Ümumi strategiya: Arbidol

Koronavirus epidemiyası başlayandan bəri onun müalicəsi üçün müxtəlif dərmanlardan istifadə olunub. Onların çoxu xəstəliyin özünü deyil, onun tipik simptomlarını aradan qaldırmaq üçün tətbiq olunur.

Buradaca qeyd etmək lazımdır ki, Covid-19-da heç bir xüsusi simptom olmur - bu cəhətdən o, soyuqdəymə və respirator virus infeksiyalarından o qədər də fərqlənmir. Bənzər şəkildə inkişaf edən xəstəlik, adi hallarda olduğu kimi sətəlcəmlə nəticələnə bilər.

Demək olar ki, xəstələrin hamısında qızdırma, ümumi zəiflik və halların 60 faizində quru öskürək müşahidə olunur.

Xəstələrin təxminən üçdə biri əzələ ağrısı və nəfəs darlığından şikayətlənir. Belə simptomlara xəstəliyin beşinci günündə rast gəlmək olar.

Baş və boğaz ağrıları cəmi bir neçə xəstədə müşahidə olunub.

Çin həkimləri öskürək, üşütmə və ya boğaz ağrısından şikayətlənən xəstələrin xüsusi müalicə alqoritmini hazırlayıblar. Bu üsulun təfərrüatları fevral ayının ortalarında Lancet tibb jurnalında dərc olunub.

Alqoritmə əsasən, qan analizləri və döş qəfəsinin kompüter tomoqrafiyasından sonra viruslu sətəlcəm və ya koronovirus infeksiyası ilə bağlı müayinə aparılmalıdır.

Nəticə mənfi olarsa, xəstəyə standart antibiotiklər təyin olunur - azitromisin və ya amoksisillin. Müsbət olduğu halda isə, xəstə təcrid olunur və müalicəni respirator ftorxinolon və arbidolla davam etdirirlər.Mürəkkəbləşmə nəticəsində qandakı oksigenin səviyyəsi 93 faizdən aşağı düşərsə, müqavimət göstərən (rezistent) infeksiyaların müalicəsində olduğu kimi, nemonoksasin və sintetik linezolid antibiotikləri təyin olunur.

Eksperimental müalicə

Bu dərmanların hamısı xəstəliyin ümumi simptomlarını aradan qaldırmaq məqsədiylə istifadə olunur. Covid-19-a aid xüsusi bir müalicə üsulu mövcud deyil, lakin bu istiqamətdə işlər aparılmaqdadır.

Fevral ayının ortalarında Çin həkimləri malyariyaya qarşı istifadə olunan xloroxinin koronavirusa qarşı da effektiv olduğunu aşkar ediblər. Buna görə xloroxin rəsmi tövsiyələrə əlavə edilə bilər.

Hazırda klinik sınaqlardan daha bir neçə dərmanın keçdiyi məlumdur. Onlardan biri umifenovirdir (arbidol). Həkimlər onun məhz koronavirus infeksiyası ilə mübarizədə nə qədər təsirli olduğunu başa düşməyə çalışırlar.

Koronavirusa qarşı daha iki potensial dərman mövcuddur - adətən İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı istifadə olunan Lopinavir və Ebola qızdırması ilə Marburg virusunun müalicəsi üçün hazırlanan Remdesivir.

"Ümidsiz xəstələri" xilas etmək üçün Çin həkimlərinin istifadə etdiyi son vasitə, sağalmış xəstələrdən alınan qan plazmasının köçürülməsini nəzərdə tutur. Bu üsul 2003-cü ildə atipik sətəlcəmin (SARS) ağır hallarının müalicəsi vaxtı öz effektivliyini göstərib.

2014-cü ildə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) plazma inyeksiyalarını Ebola və daha sonra Orta Şərq (MERS) virusunun müalicəsində tövsiyə edib.

Ənənəvi təbabət

Təsdiqlənmiş koronavirus hallarının 85 faizindən çoxu Çində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub. Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.

Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız "adi" dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.

Ənənəvi üsullarla müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanınıb.

Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir - biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.

Bu səpkidə Qingfei Paidu dərmanının xüsusilə yüksək müalicəvi təsiri qeyd olunur. Bu barədə məlumat yayan Sinhua Agentliyi pekinli baş həkim Van Ronbinin sözlərinə istinad edir.

Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.

BBC Azərbaycanca

Xəbəri paylaş

VİDEOLAR