Tanınmış aktyor Ceki Çan koronavirus əleyhinə dərman hazırlayacaq şəxsə 1 milyon yuan (təxminən 245 min manat) ödəyəcəyinə söz verib.
Rasthaber Azərbaycan " Sputnik"ə xəbər verir ki, bu haqda aktyor "Strait Times" nəşrinə açıqlamasında bildirib.
C.Çan deyib ki, elm və texnologiya virusla mübarizənin açarıdır: "Məncə, bu fikirlə əksəriyyət razıdır. Ümid edirəm ki, dərman tez bir zamanda kəşf olunacaq".
Vaxtı ilə insanlarla dolu olan küçələrin boş olmasını ürək ağrısı ilə dilə gətirən aktyor məsələnin pulda olmadığını söyləyib: "Həmvətənlərimin həyatdan həzz almaq əvəzinə virusla ölənədək mübarizə aparmaqlarını görmək istəmirəm".
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uhan şəhərində naməlum virus yayıldığını bildirmişdi. Bu günə olan məlumata görə, 813 nəfər koronavirus nəticəsində vəfat edib.