Bu barədə bu gün "Hindistan Radiosu" Şərqi Ladaxdakı Hindistan qoşunlarının komandanlığına istinadən məlumat yayıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Hindistan ordusu Şərqi Ladaxda Çinlə effektiv nəzarət (LAC) xəttində irəli mövqelərdə "Pinaka" və "Smerç" yayılım atəş raket sistemlərini (MLRS) yerləşdirib.
"Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən yaradılan "Pinaka" və "Smerç" sistemi 90 km-ə qədər məsafədə düşmən hədəflərini vurmağa qadirdir və nəzarət xətti boyunca yerləşdirilən qoşunların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır", - deyə radiostansiya mənbələri bildirib.
ANI agentliyi, həmçinin Hindistanın ən yeni "155 mm" "M-777" yüngül haubitsalarının və modernləşdirilmiş "Bofors L70" zenit silahlarının Şərqi Ladaxa təhvil verildiyini elan edib. "Bofors L70" zenit silahları bütün hava şəraitində hədəf aşkarlanması və avtomatik izlənilməsini təkmilləşdirib. Onlar 1950-ci illərdə İsveçin "Bofors AB" şirkəti tərəfindən istehsal edilmiş və Hindistan şirkəti "Bharat Electronics" Limited tərəfindən modernləşdirilmişdir.