İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina yeni növ koronavirusa yoluxub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə bazar günü ANSA məlumat yayıb.
Agentliyin yazdığına görə, bu barədə Farina özü məlumat verib və səhhətinin qənaətbəxş olduğunu söyləyib. Hazırda o, hospitalda təkadamlıq palatadadır.
Bildirilir ki, yoluxma halları İtaliyanın bütün bölgələrində qeydə alınıb, lakin Lombardiya və Veneto hələ də episentr sayılır. Koronavirus üçün analizi, məsləhətçilərdən birində, həmçinin qubernator köməkçisində infeksiya aşkarlandıqdan sonra Lombardiya bölgə şurasının bütün üzvləri veriblər. Bundan əlavə, Latsio və Piedmont əyalətlərinin qubernatorları və iki şəhərin bələdiyyə başçıları artıq yoluxmuşlar arasındadırlar.
İtaliyanın şimalındakı bir neçə bölgənin faktiki olaraq təcrid olunmasını ehtiva edən koronavirusun yayılmasının qarşısını almaq üçün hökumətin əlavə tədbirləri fonunda, oradan gələnlərin hamısı üçün cənub bölgələrində 14 günlük karantin tətbiq olunub.
Şimal bölgəsinin özünə gəlincə, Baş nazir Cüzeppe Konte bu gün oradakı bütün ictimai iaşə, xidmət və istirahət məkanlarının qapadılması barədə qərar imzalayıb. Qərara əsasən, bölgədəki kinoteatrlar, teatrlar, muzeylər, bar və restoranlar, məktəblər, əyləncə məkanları da bağlı olacaq. Bundan başqa bütün idman yarışları təxirə salınıb, bəzi istisna hallarda oyunlar qapalı yerlərdə keçiriləcək.
Xatırladaq ki, daha əvvəlki qərarla bütün təhsil obyektləri bağlanmışdı.
Onu da qeyd edək ki, hazırda ölkə üzrə 15 milyon adam karantinə alınıb. (Virtualaz.org)