Nyu-Yorkdakı İslam Əməkdaşlıq Təşkilatı İsrail rejiminin 26 oktyabr 2024-cü ildə 4 iranlı hərbçi və bir mülki şəxsin şəhid olması ilə nəticələnən İran İslam Respublikasına qarşı təcavüzkar hücumunu kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İƏT yerli vaxtla cümə axşamı verdiyi bəyanatda bildirib: İsrail rejiminin təcavüzkar hərəkətləri beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması, həmçinin İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır.
İslam Əməkdaşlıq Təşkilatı həmçinin bu ölkənin hava məkanından istifadə edərək İran İslam Respublikasına qarşı təcavüz aktı həyata keçirən İsrail rejimi tərəfindən İraq Respublikasının suverenliyi və ərazi bütövlüyünün pozulmasını da qətiyyətlə pisləyir.
Bu təşkilat vurğulayıb ki, İran İslam Respublikası və digər təsirə məruz qalan ölkələr beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz suverenliklərini, ərazi bütövlüyünü, təhlükəsizliyini və xalqını qorumaq hüququna malikdirlər.