Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır
Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. . BBC Future bu barədə bildiklərimizə nəzər salır.
Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq, güclənir və ya zəifləyir. Misal üçün, qrip soyuq qış aylarına təsadüf edir, elə norovirus - mədə-bağırsaq pozuntusu virusu da həmin dövrdə daha çox özünü göstərir.
Digər xəstəliklər, məsələn, tif yayda, adətən, şiddətlənir. Qızılcaya tutulma halları da yay aylarında mülayim iqlimlərdə, tropik bölgələrdə isə quru havalarda daha çox baş verir.
Odur ki, indi bir çox insanın Covid-19-un da oxşar mövsümü səciyyə daşıya bilməsiylə maraqlanması bəlkə də təəccüblü deyil.
İlk dəfə Çində dekabrın ortalarında meydana gəldiyindən bəri bu virus tez zamanda yayılıb və hal-hazırda Avropa və ABŞ-da kəskin sürətlə yayılmaqdadır.
Xəstəliklərin ən güclü yayılma halları, əsasən, havanın daha soyuq olduğu bölgələrdə baş verdiyindən, Covid-19-un yay mövsümü başlayanda yoxa çıxacağı barədə fərziyyələr yaranıb. Bununla yanaşı, bir çox mütəxəssis virusun yayda öləcəyinə ümid edənlərə ehtiyatlı olmağı məsləhət görür.
Və ekspertlər haqlı olaraq ehtiyat edirlər. Rəsmi olaraq, SARS-CoV-2 adlandırılan Covid-19-a səbəb olan virus təzə olduğundan onun haqqında hər hansı etibarlı məlumat yoxdur.
2003-cü ildə yayılan və xassələrinə görə oxşar olan Sars virusunun qarşısı tez bir zamanda alındığından, onun ilin fəsillərinə uyğun özünü necə aparması haqqında az məlumat var.
Ancaq Covid-19-un mövsümi ola biləcəyinə işıq salmağa qadir olan və insanları yoluxduran digər koronaviruslar barədə bəzi ipucları var.
Britaniyanın Edinburq Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzindən Kate Templeton tərəfindən 10 il bundan əvvəl aparılmış araşdırmanın nəticələrinə əsasən, yoluxucu nəfəs boruları xəstəliklərinə səbəb olan üç koronavirusun "qış mövsümüylə əlaqəli" olması müəyyən edilib.
Həmin nəticəyə Edinburq xəstəxanalarında müalicə alan xəstələrin müşahidəsindən alınan məlumat bazası əsasında gəlinib.
Qeyd olunan virusların simptomları, əsasən, dekabr və aprel ayları arasında qripə bənzər infeksiyalara səbəb olub. Əsasən immuniteti aşağı olan xəstələrdə rast gəlinən dördüncü koronavirus isə daha nadir hallarda özünü göstərib.
Covid-19-un mövsümi xarakter daşıma ehtimalına işarə edən bəzi məlumatlar da var. Yeni xəstəliyin dünyada yayılmasından görünür ki, virus soyuq və quru hava şəraitinə üstünlük verir.
Covid-19-a yoluxma hallarının baş verdiyi dünyanın 500 bölgəsində hava şəraitini müqayisə edən dərc olunmamış bir analiz virusun yayılma sürətinin temperatur, külək sürəti və nisbi rütubət ilə əlaqəli olmasını ehtimal etməyə əsas verir.
Digər bir dərc olunmamış tədqiqat işində də yüksək temperaturlu iqlimlə Covid-19 hallarının aşağı düşməsi arasında bir əlaqəyə diqqət yetirilib, amma bu da qeyd olunub ki, təkcə yüksək hava temperaturu xəstəliyin qlobal miqyasda dəyişgənliyinə həlledici təsir göstərə bilməz.
Hələ dərc olunmamış tədqiqata görə, mülayim isti və soyuq iqlim hazırkı Covid-19-un yayılması üçün ən münbit zəmin yarada bilər, bunun ardınca növbəti münbit şərait Covid-19 üçün quru iqlim sayla bilər.
Tədqiqatçılara görə, Covid-19 üçün ən az uyğun gələn iqlim şəraiti dünyanın tropik bölgələrində ola bilər.
Ancaq bir sıra fəsillərlə bağlı dürüst məlumat bazası olmadığından tədqiqatçılar il ərzində baş verə biləcək inkişafı proqnozlaşdırmaq üçün kompüter modelləşdirməsinə arxalanırlar.
Covid-19-un mövsümi təbiəti haqqında endemik - yəni insan populyasiyasında bir müddətdir dolaşan - koronaviruslara əsaslanan məlumatlar əsasında ekstrapolyasiya olunmuş proqnoz hazırlamaq asan iş deyil. Ən azı ona görə ki, endemik viruslar Covid-19 pandemiyasına şamil olunmayan bir sıra səbəblərə görə mövsümi olur.
Bu pandemiya bir çox hallarda daha adi sayıla bilən virusların mövsümi yayılma qaydalarına uyğun yayılmır. Məsələn, qripə yoluxma hallarının əksəriyyəti qış dövründə baş versə də, ispan qripi yay aylarında ən yüksək həddə çatır .
"Son nəticədə, Covid-19-nun endemik hala gəlməsi mümkündür," - Stokholmdakı Karolinska İnstitutunda viruslar sahəsində ixtisaslaşan yoluxucu xəstəliklərə nəzarət üzrə professor Jan Albert deyir.
"O, mövsümi xəstəliyə çevrilməsə, bu, həqiqətən təəccüblü olardı. Əsas sual isə, [fəsillərə] virusun bu cür həssaslığının pandemiya vəziyyətində yayılma qabiliyyətini necə təsirləndirə bilməsindədir. Bunu dəqiq bilmirik, amma bu, həmişə nəzərə alınmalıdır".
Covid-19 pandemiyası ilə bağlı proqnoz verəndə digər koronavirusların mövsümi inkişafı haqqında bildiklərimizi istifadə edərkən ehtiyatlı olmalıyıq. Görəsən, bənzər koronaviruslar nəyə görə mövsümi olur və niyə bu cəhət indiki epidemiya ilə bağlı ümid verir?
Koronaviruslar "zərfləşmiş viruslar " ailəsinə aiddir. Onlar qoşa lipid örtüyündən ibarət olan yağlı bir membrana bükülmüş haldadır və həmin membrana tacabənzər proteinlər taxılmış vəziyyətdədir. Latınca tac "corona" olduğundan, bu növ viruslara koranavirus adı verilib.
Digər zərfli viruslar üzərində aparılan tədqiqatlar göstərib ki, bu cür yağlı örtüyə malik viruslar belə örtüyü olmayanlarla müqayisədə istiyə daha çox həssasdır.
Soyuqda həmin yağlı örtük rezinə bənzər bir hala gəlir, bişmiş ətin yağı kimi, soyuduqca daha çox bərkiyir və beləliklə, virusun bədən xaricində daha uzun müddət qalmasına imkan verir. Zərərli virusların əksəriyyəti bunun nəticəsində güclü mövsümi asılılığa malikdir .
Tədqiqatlar artıq göstərib ki, Sars-Cov-2 virusu 21-23C temperatur dərəcələrində və 40% nisbi rütubətdə plastik və polad kimi sərt səthlərdə 72 saata qədər qala bilər.
Covid-19 virusunun digər temperatur və rütubətdə necə özünü aparması hələ yoxlanmalıdır, lakin digər koronaviruslar üzərində aparılan tədqiqatlar onların 4C dərəcədə 28 gündən çox yaşaya biləcəyini güman etməyə əsas verir.
Sars epidemiyasının 2003-cü ildə yayılmasına səbəb olan bənzər koronavirusun daha soyuq və quru şəraitə daha yaxşı tab gətirdiyi təsbit edilib .
Məsələn, hamar səthlərdə qurudulmuş Sars virusu 22-25C arası temperaturlarda və 40-50% nisbi rütubətdə infeksiyalılığını beş gün ərzində saxlaya bilir. Temperatur və rütubət nə qədər yüksək olsa, virusun ömrü də o qədər qısa olur.
"Məsələn, öskürək və ya asqırma ilə insan bədənindən xaric edildikdən sonra virusun stabilliyinə təsir göstərən amil iqlim olur," - İspaniyanın paytaxtı Madriddə Təbiət Elmləri Milli Muzeyində ətraf mühit dəyişikliyinin biomüxtəlifliyə təsirini araşdıran Miguel Araujo deyir.
"Virusun ətraf mühitdə sabit qalması nə qədər çox olsa, digər insanlara yoluxma və epidemiya halına gətirmə qabiliyyəti bir o qədər çox olar. Sars-Cov-2 sürətlə bütün dünyaya yayılsa da, əsas yoluxma halları, əsasən, sərin və quru hava şəraiti olan yerlərdə baş verib".
Onun kompüter modelləri tropik zona xaricində ən çox rast gəlinən virus yayılması hadisələrinə uyğun gəlir.
Araujo hesab edir ki, Covid-19 virusu temperatur və rütubətə qarşı bənzər həssaslığa malik olarsa, bu, koronavirusun dünya boyu müxtəlif vaxtlarda baş qaldıracağından xəbər verə bilər.
"İki virusun özünü oxşar aparacağını gözləmək ağlabatandır. Ancaq bu yalnız bir naməlum parametri olan tənlik deyil. Virus insandan insana keçir. Hər hansı bir yerdə insan nə qədər çox olarsa və bir-biri ilə nə qədər çox təmasda olarsa, infeksiyaya yoluxma halları da bir o qədər çox olar. Bu, virusun necə yayılmasını anlamaq üçün vacibdir," - o deyir.
Maryland Universitetində aparılmış bir araşdırma virusun dünyanın orta temperaturun 5-11C ətrafında və nisbi rütubətin aşağı olduğu şəhər və bölgələrində daha çox yayıldığını göstərib.
Lakin tropik bölgələrdə də xeyli sayda yoluxma halları olub. Bu yaxınlarda Harvard Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aparılmış virusun Asiyada yayılmasının təhlili göstərib ki, bu pandemik koronavirusun hava şəraitindən asılılığı bir çoxlarının ümid etdiyindən daha az olacaq.
Onlar Çinin müxtəlif iqlim zonalarına aid bölgələrində koronavirusun yayılma sürətini təhlil edərək belə qənaətə gəliblər ki, yaz və yayda temperatur və rütubətin artması bu infeksiyaya yoluxma hallarının azalmasına gətirib çıxarmayacaq. Onlar xəstəliyin nəzarətdən çıxmaması üçün ictimai səhiyyənin işə qarışmasının vacib olduğunu vurğulayırlar.
Bunun səbəbi bir virusun yayılmasının onun ətraf mühitdə yaşaması qabiliyyətiylə yanaşı digər amillərdən də asılı olmasındadır. İnfeksion xəstəliklərin mövsümiliyinin başa düşülməsini çətinləşdirən də məhz bu məqamdır.
Covid-19 kimi bir xəstəliyi yayan insanlardır və onların davranışında mövsümi dəyişiklər də infeksiyanın yayılması əmsalında dəyişiklərə səbəb ola bilər.
Məsələn, Avropada qızılca hadisələri məktəb mövsümünə təsadüf edir, tətil zamanı isə uşaqlar virusu bir-birinə yoluxdurmadıqlarından xəstəlik halları azalır. Yanvarın 25-də Çində Ay təqvimiylə Yeni il qeyd olunub və bu zaman baş verən böyük insan miqrasiyası Covid-19-un Çinin Uhan şəhərindən dünyanın digər şəhərlərinə yayılmasında əsas rol oynadığı fərziyyəsi də irəli sürülüb.
Bizim immun sistemimizin zəifləməsində və infeksiyaya həssas hala gəlməsində havanın da təsiri ola bilər. Bədənimizdəki D vitamini səviyyəsinin yoluxucu xəstəliklərə necə həssas olduğumuza təsir göstərə biləcəyinə dair bəzi sübutlar var.
Qışda bədənimiz daha az miqdarda D vitamini hasil edir, çünki daha az günəş işığı görürük, əsasən qapalı məkanlarda vaxt keçiririk və soyuq havaya qarşı paltar geyinirik. Lakin bəzi tədqiqatlarda bu nəzəriyyənin qrip kimi xəstəliklərdə müşahidə edilən mövsümi dəyişikliyin izahıyla uzlaşmaması qeyd olunub.
Daha mübahisəli məsələ soyuq havanın immun sistemimizi zəiflətməsi fərziyyəsiylə bağlıdır - bəzi araşdırmalar bunun belə olduğu fərziyyəsini irəli sürür, amma başqa tədqiqatlarda soyuqluğun bədənimizi infeksiyadan qoruyan hüceyrələrin sayını artıra biləcəyi qeyd olunur.
Rütubətin xəstəliyə olan həssaslığımıza daha çox təsir göstərə biləcəyinə dair daha güclü bir dəlil var. Hava çox quru olduqda, ağciyərlərimizi və hava yollarımızı örtən selik miqdarının azaldığı güman olunur. Bu yapışqan ifraz infeksiyalara qarşı təbii bir müdafiə vasitəsi sayıldığından onun azalması bizi viruslara daha həssas edə bilər.
Çində alimlər tərəfindən edilən maraqlı bir araşdırmada Covid-19-un təhlükə dərəcəsiylə hava şəraiti arasında müəyyən əlaqənin olduğu fərziyyəsi irəli sürülüb. Çinin Uhan şəhərində təxminən 2300 ölüm hadisəsi təhlil edilib. Həmin ölüm hadisələri baş verən günlərdə havanın rütubəti, temperaturu və çirklənmə səviyyəsi müqayisəli təhlildən keçirilib.
Hələ işıq üzü görməmiş bu araşdırmanın nəticələrinə əsasən, rütubətin və temperaturun daha yüksək olduğu günlərdə ölüm əmsalı daha aşağı olub. Onların təhlilində eləcə də göstərilib ki, maksimum və minimum temperaturların fərqi daha böyük olan günlərdə ölüm əmsalı da daha yüksək olub.
Lakin bu nəticə, əsasən, kompüter modelləşdirilməsi yoluyla alındığından, bu əlaqənin dəqiq mahiyyəti və dünyanın digər yerlərində özünü eyni qaydada göstərə biləcəyi hələ araşdırılmalıdır.
Covid-19 pandemiyasına səbəb olan virus yeni olduğundan bir çox insanın infeksiyaya yoluxmayana və sağalmayana qədər immunitetə sahib olması ehtimalı azdır. Bu, yeni virusun endemik viruslardan fərqli bir şəkildə yayılacağını, yoluxacağını və xəstəliyə səbəb olacağına dəlalət edir.
Fransa Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun direktoru Vittoria Colizza deyir ki, virusun dünyaya bu qədər sürətlə yayılmasına şərait yaradan hava daşımaları olub.
İcmalar daxilində virusu yayan isə insan təmasıdır. İnsanlar arasında təmasın kəsilməsi infeksiyanın yayılması sürətini də aşağı salmalıdır. Məhz bu səbəbdən dünya boyu hökümətlər ictimai yerlərin qapadılmasına çalışır.
"Covid-19-un mövsümi xarakter daşıyacağına dair hələ elə bir dəlil yoxdur, - Colizza deyir. - Mövsümi komponentin müəyyən təsiri ola bilər".
Lakin o, tətbiq olunan tədbirlərin virusun yayılmasının qarşısını almaq üçün yetərli olub-olmadığını bilmək üçün hələ tez olduğunu da qeyd edir.
"Təmasların azalması hesabına xəstəliyin yoluxuculuq dərəcəsi öz-özünə qismən azala bilər".
Qarşıdakı aylarda Covid-19-a yoluxma halları azalacağı təqdirdə bu, bir sıra səbəblərə görə baş verə bilər - təcrid və qapanmalar kimi profilaktik tədbirlərin uğurlu olmasına, əhali arasında immunitetin güclənməsinə və ya mövsümi amillərin təsirinə görə.
"Mövsümi amillərin bir təsiri varsa, bu, digər iki səbəbin həqiqi təsirini pərdələyə bilər, - professor Jan Albert xəbərdarlıq edir. - Güclü karantin rejimi elan olunmuş ölkələrdə xəstəlik keçirən insanların sayı çox olmayacaqsa, o zaman payız və qış aylarında bu virusun ikinci dalğasının olacağına təəccüblənmərəm".
Covid-19 bəzi mövsümi dəyişkənlik göstərsə də, bəzilərinin güman etdiyi kimi onun yay aylarında tamamilə yox olacağı ehtimalı azdır. Ancaq xəstəlik hallarının minimuma azalması faydalı ola bilər.
"Görülən səylər iqtisadi cəhətdən bahalı olsa da, bu, pandemiyanı yaya ötürülməsinə kömək edə bilər, - Albert deyir. - Mövsümilik amili mövcuddursa, bu, səhiyyə sisteminə hazırlıq vəziyyətinə gəlmək üçün lazım olan vaxt qazandıra bilər".
Sürətlə yayılan xəstəliklə dünyada mübarizə aparıldığı şəraitdə həmin bu qazanılmış vaxta böyük ehtiyacımız ola bilər.