İstanbuldan 242 Azərbaycan vətəndaşı Bakıya yola salınıb

İstanbuldan 242 Azərbaycan vətəndaşı Bakıya yola salınıb

Bazar günü 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb.

Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yerli mətbuata bildirib.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədi müvəqqəti dayandırılmasından sonra bazar günü Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

"Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək", - məlumatda deyilir.

Qərargah bildirb ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.

Türkiyədən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Koronovirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş bazar günü saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.

Azərbaycanın Türkiyə, Gürcüstan, İtaliya, Fransa, ABŞ, Macarıstan, Polşa, Almaniya, İndoneziya və bir neçə digər ölkələrdəki səfirlikləri bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək koronavirus və səhayətlə bağlı bütün suallara operativ cavab veriləcəyini bildirib.

Azərbaycanın ABŞ-dakı və İndoneziyadakı Səfirliyi bu ölkədəki konsulluq şöbəsinin fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, hazırda Azərbaycanda "18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir".

BBC Azərbaycanca

Xəbəri paylaş

VİDEOLAR