Fələstin Səhiyyə Nazirliyi, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına və İordan çayının qərb sahilinə davam edən hücumlarında 19 min 88 nəfərin həyatını itirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağı və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda ölənlərin sayı 19 min 88-ə yüksəlib. Ölənlərin təxminən 70 faizinin qadın və uşaqlar olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 11-i fəaliyyət göstərir.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı əməliyyat keçirib. Bunun üzərinə İsrail Qəzzaya hücuma keçdi.
Noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan qarşıdurmada “humanitar fasilə” zamanı 81 sionist və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.
Humanitar fasilə bitdikdən sonra İsrail intensiv hücumlarını davam etdirib.