Sionist rejimin keçmiş baş naziri müsahibəsində “Qəzzada baş verənlər cinayətdir” deyərək, Benyamin Netanyahunun bu müharibəni yalnız şəxsi mənfəəti üçün apardığını vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, 2006-cı ildən 2009-cu ilin əvvəlinə qədər sionist rejimin baş naziri olmuş Ehud Olmert Benyamin Netanyahunun Qəzzada apardığı siyasətləri sərt şəkildə tənqid edərək, davam edən müharibəni qeyri-qanuni adlandırıb və onun mühakimə olunmasını istəyib.
Olmert Almaniyanın "Spiegel" jurnalına verdiyi müsahibədə deyib: "İsraildə heç bir məsul şəxs hazırda Qəzzada nə etdiyimizi izah edə bilməz. Biz kifayət qədər insan öldürdük və kifayət qədər dağıntılara səbəb olduq. Qətər 2023-cü ilin oktyabrında İsrailə HƏMAS-ın bütün girovları dərhal dəyişdirməyə hazır olduğu mesajını verdi, lakin hökumətin bu mesajı görməməzlikdən gəlməsini heç gözləmirdim".
Sionist rejimin keçmiş baş naziri Qəzza zolağında törədilən cinayətlərə toxunaraq deyib: Qəzzada baş verən hadisələrin bir çoxunu təkcə müharibə cinayətləri kimi deyil, ondan da artıq təsvir etmək olar.
Qəzza müharibəsini qeyri-qanuni bir müharibə olaraq xarakterizə edən Olmert deyib: "Bu müharibə baş nazirin şəxsi və siyasi maraqları üçün başladılıb və davam edir və nəticədə əsgərlərimiz şəhid olur".
Olmert, əlbəttə ki, Qəzzada baş verən faciələrə görə məsuliyyəti bütün işğalçı ordunun deyil, yalnız Benyamin Netanyahunun üzərinə qoymağa çalışırdı. Bu kontekstdə o, Netanyahunu şəxsən məsuliyyətə cəlb etməyə çağıraraq, "Netanyahu hər gün İsrail və xalqına qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır" deyib.
Qəzzanın cənubundakı sözdə humanitar şəhər planını şiddətlə qınayan Olmert, bunu iyrənc bir plan kimi xarakterizə etdi və planın həbs düşərgəsi kimi şərh edilə biləcəyi ilə bağlı xəbərdarlıq edərək, "Belə bir planın təşkilinin özü də cinayətdir" dedi.
İsrail rejiminin keçmiş baş naziri bu vəziyyəti belə yekunlaşdırıb: "Bu vəziyyəti dəyişə biləcək yeganə şəxs Donald Trampdır. Əgər o, Netanyahuya Qəzzada vəziyyətin nəzarətdən çıxdığını desə, Netanyahu geri çəkiləcək".