İsrail şirkəti tərəfindən hazırlanan casus proqram aktivistlər, jurnalistlər, iş adamları və siyasətçilər daxil olmaqla çox sayda şəxsi izləmək üçün istifadə edildiyi bildirilir.
Az.rasthaber.com BBC-yə istinadən xəbər verir ki, İsrail şirkəti tərəfindən hazırlanan casus proqramın satıldığı "bəzi avtoritar dövlətlər" tərəfindən aktivistlər, jurnalistlər, iş adamları və siyasətçilər daxil olmaqla çox sayda şəxsi izləmək üçün istifadə edildiyi bildirilir.
NSO adlı şirkətin müştərilərinin marağında olan şəxslərə aid olduğu bildirilən 50 min telefon nömrəsi siyahısı böyük media platformalarına sızdırılıb.
Pegasus kimi tanınan proqramın istifadəsi ilə bağlı iddialar bazar günü Washington Post, Guardian, Le Monde və dünyanın digər 14 media qurumu tərəfindən yayımlanıb.
Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
Siyahıda nömrələri olan bir neçə telefonda aparılan məhkəmə testlərinin yarısından çoxunda casus proqramın izləri olduğu aşkarlanıb.
Siyahıda 180 jurnalistrin adı olduğu bildirilir. Bu jurnalistlər Frans- Press, CNN, New York Times, Al Jazeera və başqa media orqanlarında çalışırlar.
Sosial şəbəkələrdə bəzi azərbaycanlı jurnalistlər, aktivistlər və hüquq müdafiəçiləri bu siyahıda adlarının olduğunu iddia ediblər.
Siyahıda arasında öldürülən səudiyyəli jurnalist Camal Kaşıkçıya yaxın iki qadın və maşın yuma yerində öldürülən Cecilio Pineda Birto adlı bir Meksikalı jurnalist də var.
Daha geniş siyahıya dövlət və hökumət başçıları, ərəb kral ailəsinin üzvləri və iş adamları da daxildir.
Kimin hədəf alındığı barədə daha ətraflı məlumatın yaxın günlərdə yayımlanması gözlənilir.
Yayımlanmış siyahının haradan əldə edildiyi və ya kimin telefonlarının həqiqətən hücuma məruz qaldığı aydın deyil.
NSO hər hansı bir qanun pozuntusu iddialarını rədd edir.
Şirkət proqramın cinayətkarlara və terrorçulara qarşı istifadə üçün nəzərdə tutulduğunu və yalnız insan hüquqlarının yaxşı qorunduğu ölkələrin hərbi, hüquq-mühafizə və kəşfiyyat orqanlarına təqdim edildiyini söyləyir.
Şirkət deyir ki, hazırlanmış araşdırma "səhv fərziyyələr və təsdiqlənməmiş nəzəriyyələrlə doludur".
WhatsApp Pegasusun yazıldığı 1400 mobil telefona edilən kiber hücumların arxasında NSO şirkətinin olduğunu iddia edərək 2019-cu ildə NSO-nu məhkəməyə vermişdi.
O vaxt NSO bu iddiaları təkzib etsə də, şirkətin WhatsApp istifadə etməsi qadağan edilib.