Fələstinin Əl-Əqsa telekanalı hücum zamanı HƏMAS-ın siyasi bürosunun üzvü İsmayıl Bərhumun da qətlə yetirildiyini təsdiqləyib.
Rasthaber Azərbaycan xəbər verir ki, bazar günü axşam saatlarında İsrail qırıcılarının Qəzzanın cənubundakı Xan Yunis şəhərində yerləşən Naser Tibb Kompleksinin təcili yardım binasını bombalaması nəticəsində biri uşaq olmaqla iki fələstinli qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Hələ də axtarış-xilasetmə işləri davam edir.
Fələstinin Əl-Əqsa telekanalı hücum zamanı HƏMAS-ın siyasi bürosunun üzvü İsmayıl Bərhumun da qətlə yetirildiyini təsdiqləyib. O, bir həftə əvvəl İsrailin hücumu nəticəsində ağır yaralanmış və Naser xəstəxanasının cərrahiyyə-reanimasiya şöbəsində müalicə alırdı. Hücum zamanı onun yerləşdiyi otaq hədəfə alınıb.
Qəzza Səhiyyə Nazirliyi açıqlamasında, İsrail qüvvələrinin Naser Tibb Kompleksinin cərrahiyyə şöbəsinə birbaşa hücum etdiyini, xəstəxanada müalicə alan bir çox yaralı və xəstənin risk altında qaldığını bildirib. Hücum nəticəsində xəstəxananın bir hissəsi dağıdılıb, tibbi heyət və xəstələr arasında yaralananlar olub, eyni zamanda böyük yanğın baş verib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin tibbi obyektlərə birbaşa hücumunu qətiyyətlə pisləyərək, bunun beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu bəyan edib.