İraqın baş naziri Məhəmməd Şia əl-Sudani general Süleymaninin öldürülməsinin İraq və ABŞ arasında ikitərəfli razılaşmalara uyğun olmadığını bildirib.
ABŞ-ın sui-qəsdi nəticəsində şəhid olan Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymani və "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndis 3-cü şəhadət ildönümündə Bağdadda rəsmi mərasimlə anılıb.
Az.rasthaber.com xəbər verir ki, İraq mətbuatının verdiyi məlumata görə, baş nazir Məhəmməd Şia əs-Sudani anım mərasimindəki çıxışında bildirib ki, ABŞ hökumətinin müqavimət komandirlərinə qarşı törətdiyi terror aktı İraqın suverenliyinin açıq şəkildə pozulmasıdır və bütün beynəlxalq qanunları pozur.
Bu şəxslərin İraq və bölgədəki terror hücumlarının dəf edilməsində mühüm rol oynadığını qeyd edən Sudani, ABŞ-ın bu hərəkətinin iki ölkə arasındakı ikitərəfli razılaşmalarla uyğun olmadığını qeyd edib.
Baş nazir Sudani terrora qarşı qələbənin böyük iman, güc və qəhrəmanlıq tələb etdiyini və bu inancın İraqın milli iradəsindən və şiə müsəlmanların böyük təqlid mərcəsi Ayətullah Əli Sistaninin verdiyi cihad fitvasından qaynaqlandığını bildirib.
Şəhidlərin qanının hədər getməyəcəyini izah edən Sudani, yeni hökumətin İraqın milli suverenliyini qorumaq və güclü İraq şüarını həyata keçirmək üçün əlindən gələni edəcəyini bildirib.