"Bizim hərtərəfli müdafiədə strategiyamız buna əsaslanmalıdır ki, Tehrandan 3 min kilometr radiusda olan hər hansı bir düşmən ölkəmizə doğru hərəkət etmək istədikdə, onu hərəkətinin başlanğıcında izləyib məhv etməliyik".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib.
General-leytenant pasdar Seyid Yəhya Rəhim Səfəvi "Şəhid Süleymani adına Müqəddəs Müdafiənin Elm və Maarifinin Araşdırma Mərkəzi"ndə keçirilən "Kaman 99" əməliyyatının təhlili toplantısında deyib: "Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və bütövlükdə İslam Respublikası quruluşu regional və regiondan kənar düşmənlərin strategiyasına əsasən və hərbi texnologiyalardakı heyrətləndirici inkişafları nəzərə alaraq, müdafiə sahəsində lazımi siyasəti qəbul etməlidir".
"Bu məsələni nəzərə alaraq, müqəddəs İslam Respublikası quruluşunun hərtərəfli müdafiəsi üçün elə bir strategiya qəbul etməliyik ki, Tehrandan üç min kilometr radiusda olan hər hansı bir düşmən İrana doğru hərəkət etmək istədikdə, onu hərəkətinin mənbəyində izləyib, məhv edək, yəni müdafiə dərinliyimiz Tehrandan üç min kilometr radiusda olmalıdır və bu məsafəni qət edə biləcək güclü hava qüvvələrinə ehtiyacımız var", -deyə iranlı general əlavə edib.