İranın yeni hökuməti qonşu ölkələrə, xüsusilə İraq, Türkiyə və Azərbaycana dəmiryol şəbəkəsinin qoşulması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirəcək.
Az.rasthaber.com xəbər verir ki, bunu İranın Dəmiryol Şirkətinin icra direktoru Cabbarəli Zakeri jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla yanaşı, ölkədə quru dəmiryol limanlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Zakeri qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Dəhlizi prioritet təşkil etməklə ölkənin dəniz, dəmiryol və yol tranzit yollarının inkişaf etdirilməsi əhəmiyyət kəsb edir.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.