İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İngiltərənin 40 ildən sonra İrana ödədiyi borcla bağlı mətbuata açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada bildirilib:
“İngilislərin bütün maneələrinə baxmayaraq, iranlı diplomatlar tərəfindən həyata keçirilən gərgin danışıqlar prosesindən sonra, İngiltərənin İrana olan 390 milyon funt-sterlinq borcu uğurla ölkənin xəzinəsinə köçürülüb.
Bu pulun əksiksiz olaraq İranın əlində olduğunu bildirən Xətibzadə "Ödənilən pulun necə xərclənəcəyi tamamilə İran İslam Respublikasının qərarından asılıdır. İngiltərə də daxil olmaqla heç bir tərəfin buna müdaxilə etmək hüququ yoxdur", - deyə vurğulayıb.
İran XİN sözçüsü ingilislərin ödədiyi pulların İsveçrə banklarına yatırıldığı iddiasının həqiqəti əks etdirmədiyini qeyd edib.
Xatırladaq ki, Tehran 1970-ci illərdə Böyük Britaniyadan 1500 Chieftain tankı sifariş etmişdi, lakin onlardan 185-i inqilab zamanında gətirilib. Tehranın beynəlxalq məhkəməyə verdiyi iş bu günə kimi həllini tapmamışdı.
Qeyd edək ki, Britaniyanın Xarici İşlər Naziri Truss bildirmişdi ki, Londonun İrana olan borcu hökumətin ödəmək istədiyi “qanuni borcdur”.